“Azərbaycan qlobal dəyər zəncirlərinə daha dərindən inteqrasiya olunur” -SAMİR ŞƏRİFOV

“Azərbaycan qlobal dəyər zəncirlərinə daha dərindən inteqrasiya olunur” -SAMİR ŞƏRİFOV

Bu tərəfdaşlıqlar və qeyri-neft sektoruna artan xarici investisiyalar istehsal, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə qlobal dəyər zəncirlərinə daha dərindən inteqrasiyaya yol açır.

SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müsbət iqtisadi tendensiyalar beynəlxalq reytinq agentlikləri tərəfindən də tanınıb. Belə ki, “Fitch” və “Moody’s” Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsinə yüksəldib. Növbəti dövr üçün proqnoz isə müvafiq olaraq sabit və müsbət qiymətləndirilib.

Samir Şərifov qeyd edib ki, Azərbaycanın maliyyə dayanıqlılığı strateji valyuta ehtiyatlarının həcmi ilə də təsdiqlənir. Onun sözlərinə görə, 2021-ci ilin sonuna ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 110 faizini ötüb.

Baş nazirin müavini Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşdiyini və Asiya ilə Avropa arasında müasir bağlantı və keçid qapısına çevrildiyini vurğulayıb.

“Orta Dəhliz”in Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirdiyini bildirən Samir Şərifov formalaşmaqda olan Zəngəzur dəhlizinin də Azərbaycanın regional logistika mərkəzi kimi rolunu daha da gücləndirəcəyini qeyd edib.

O əlavə edib ki, bu marşrut Avrasiya boyunca ticarət, investisiya və sənaye əməkdaşlığı üçün yeni imkanlar yaradacaq.

Samir Şərifov Azərbaycanın getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşına çevrildiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın enerji siyasəti artıq yalnız enerji təchizatı ilə məhdudlaşmır və yaşıl enerji dəhlizlərinin inkişafını da əhatə edir.

“Bu, bərpa olunan enerjinin regional bazarlara inteqrasiyasına, Azərbaycan, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında bağlantının gücləndirilməsinə imkan yaradır”, - deyə o vurğulayıb.

Baş nazirin müavini qeyd edib ki, ənənəvi enerji sektorundan əlavə, Azərbaycan istehsal, nəqliyyat və logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və qida emalı, turizm və infrastruktur sahələrində də əhəmiyyətli investisiya imkanları təklif edir.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və inkişaf layihələri də investorlar üçün yeni imkanlar yaradır.

Samir Şərifov qabaqcıl texnologiyaların tətbiqinə, məhsuldarlığın artırılmasına, ixtisaslı iş yerlərinin yaradılmasına, eləcə də regional və qlobal dəyər zəncirlərinə inteqrasiyanın gücləndirilməsinə xidmət edən layihələrə xüsusi əhəmiyyət verildiyini bildirib.

O vurğulayıb ki, müasir infrastruktur, sənaye parkları, iqtisadi zonalar və dövlət-özəl tərəfdaşlığı mexanizmləri belə əməkdaşlıq üçün möhkəm baza yaradır.

“Biz bu mexanizmləri təkmilləşdirməyə və investorların uzunmüddətli layihələri inamla həyata keçirməsinə imkan verən şərait yaratmağa davam edəcəyik. İnvestisiyalara yanaşmamız yalnız cəlbedici vergi şərtləri ilə məhdudlaşmır”, - deyə Samir Şərifov qeyd edib.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə