"Ərzaq alarkən məhsulun rəngi və qablaşdırması nəzərdən keçirilməlidir" - EKSPERT DANIŞDI
"Ərzaq məhsulları satılarkən, xüsusilə bazarlarda və marketlərin piştaxtalarında qida təhlükəsizliyi və məhsulların keyfiyyəti ilə bağlı bir sıra vacib məqamlara diqqət yetirilməlidir. İstehlakçılar da məhsul alarkən qida təhlükəsizliyi baxımından müəyyən məsələlərə diqqətlə yanaşmalıdırlar".
Bu sözləri SİA-ya açıqlamasında qida eksperti, "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.

Onun sözlərinə görə, ilk növbədə məhsulun qablaşdırılmasının bütövlüyü yoxlanılmalıdır:
"Bu, ət və süd məhsullarına, eləcə də digər qida məhsullarına aiddir. Məsələn, dondurma alarkən qablaşdırmanın və məhsulun vəziyyətinə diqqət etmək lazımdır. Əgər dondurmanın səthində buz qırıntıları, iri buz təbəqələri və ya məhsulun formasında dəyişiklik müşahidə olunursa, bu, onun bir dəfə əridilib, daha sonra yenidən dondurulmasına işarə edə bilər. Belə məhsulların alınmasından imtina etmək daha məqsədəuyğundur.
Vakuum qablaşdırılmış soyudulmuş ət məhsullarında da rəngə və qablaşdırmanın vəziyyətinə diqqət yetirilməlidir. Məhsulun rəngində bulanıqlıq, qablaşdırmada hava və ya xoşagəlməz rəng dəyişiklikləri müşahidə olunursa, həmin məhsulun saxlanma şəraitində problem yarana biləcəyini nəzərə almaq lazımdır.
Eyni zamanda qablaşdırılmış digər məhsulların da xarici görünüşü yoxlanılmalıdır. Məsələn, şəkər tozu və digər quru məhsullar daşlaşıbsa, qablaşdırmada nəmlik, kif və ya hər hansı yaşıl rəngli ləkələr müşahidə olunursa, həmin məhsulların alınmasından çəkinmək lazımdır.
Ümumilikdə istehlakçı məhsulu almazdan əvvəl onun qablaşdırılmasına, xarici görünüşünə, rənginə, saxlanma vəziyyətinə və etiket məlumatlarına diqqət yetirməlidir. Şübhə doğuran məhsulları almaqdan imtina etmək qida təhlükəsizliyinin qorunması baxımından vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB