ARDNŞ-ın hesabına Şamaxıda göz əməliyyatlarına başlanılıb

ARDNŞ-ın hesabına Şamaxıda göz əməliyyatlarına başlanılıb
Dekabrın 9-dan etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Mərkəzi Neftçilər Xəstəxanasının Göz Mərkəzinin yüksək ixtisaslı həkim-mütəxəssisləri Şamaxı Müalicə Diaqnostika Mərkəzində humanitar aksiyaya start veriblər. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-nin maliyyə dəstəyi ilə həyata keçirilən bu aksiya çərçivəsində yeni istifadəyə verilmiş Şamaxı Müalicə-Diaqnostika Mərkəzində görmə problemi ilə üzləşən Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayon sakinləri üzərində katarakta əməliyyatı aparılacaq.

Bu xəstəlikdən əziyyət çəkən pasientlər bir neçə ay öncə əməliyyat üçün Şamaxı Müalicə-Diaqnostika Mərkəzinə müraciət ediblər. Şamaxıdan 15, Ağsudan 6, Qobustandan 2, İsmayıllıdan 2 sakin üzərində əməliyyatın aparılması nəzərdə tutulur. Artıq 11 xəstə üzərində əməliyat uğurla həyata keçirilib. Onların vəziyyəti qənaətbəxşdir. Qalan 14 nəfərin əməliyyat olunacağı gözlənilir.

Qeyd edək ki, Şamaxı MDM-də katarakta əməliyyatlarının həyata keçirilməsi ilə bağlı aksiyanın davamlı olacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə