Kolleclərin universitetlərə birləşdirilməsi təhsildə idarəetməni yaxşılaşdıracaq, yoxsa...? - EKSPERT AÇIQLADI

Kolleclərin universitetlərə birləşdirilməsi təhsildə idarəetməni yaxşılaşdıracaq, yoxsa...? - EKSPERT AÇIQLADI

Azərbaycanda bəzi kolleclərin universitetlərin tərkibinə daxil edilməsi, digərlərinin isə ləğv olunması nəzərdə tutulur. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərovun açıqlamasına görə, kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinə inteqrasiyası istiqamətində işlər aparılır. Tibb kolleclərinin Tibb Universitetinin, aqrar və sosial yönümlü kolleclərin isə müvafiq ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi mümkün variantlar arasındadır.

Bəs bu dəyişikliklər orta ixtisas təhsilinin keyfiyyətinə necə təsir edəcək? Kolleclərin universitetlərə birləşdirilməsi təhsildə idarəetməni və kadr hazırlığını yaxşılaşdıracaqmı, yoxsa tələbələr və müəllimlər üçün yeni problemlər yaradacaq? Kolleclərin ləğvi hansı meyarlar əsasında həyata keçirilməlidir?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, biz hər il ali təhsil müəssisələrinə qəbuldan sonra apardığımız müşahidələr əsasında görürük ki, Azərbaycanda fəaliyyət göstərən kolleclərə diqqət o qədər də çox deyil:

"Sadəcə olaraq, tələbə qəbulu qaydalarına uyğun olaraq müvafiq nəticə göstərə bilməyən abituriyentlər adətən kolleclərə üz tutmaq məcburiyyətində qalırlar.

Biz bilirik ki, Azərbaycanda fəaliyyət göstərən 70-dən artıq kollecin məzunları əmək bazarında kollec məzunu olduqlarını əsas götürərək iş tapmaqda çətinlik çəkirlər. Ona görə də bu gün Azərbaycanda nümunə göstərə biləcəyimiz təhsil müəssisələrindən biri Azərbaycan Dövlət Pedaqoji Kolleci idi. Lakin bildiyiniz kimi, orada pedaqoji ixtisaslara qəbul dayandırıldıqdan sonra həmin kollecin də reputasiyası digər kolleclərin səviyyəsinə düşdü.

Ümumiyyətlə, bu gün kolleclərin rəhbərliyində aparılan yenilənmələr və islahatlar proqram təminatı yenilənməyənə qədər hər hansı bir nəticə verməyəcək.

Hazırda Milli Məclis səviyyəsində müzakirələr aparılır, Elm və Təhsil Komitəsində də belə fikirlər səsləndirilir ki, müəyyən ixtisaslar üzrə fəaliyyət göstərən kolleclər müvafiq profilli ali təhsil müəssisələrinin tabeliyinə verilsin.

Xatırlayırsınızsa, mən sosial şəbəkədə də bir dəfə kolleclərlə bağlı paylaşım etmişdim. Təklifim ondan ibarət idi ki, kolleclər subbakalavr təhsil pilləsi kimi ali təhsil müəssisələrinin tabeliyinə verilsin. Yəni ali təhsil yalnız bakalavriat, magistratura və doktorantura səviyyələrindən deyil, həm də subbakalavr səviyyəsindən başlasın.

Kim subbakalavr dərəcəsi almaq istəyirsə, bu səviyyədə təhsil alsın və sonra əmək bazarına daxil olaraq özünə iş axtarsın. İstəyərsə, növbəti pillələr üzrə təhsilini davam etdirə bilər.

Mən görürəm ki, Azərbaycanda kolleclər artıq arzuolunmaz təhsil pilləsinə çevriliblər. Buna görə də bu gün həmin müəssisələrdə müxtəlif islahatlar aparılır, rəhbərliklər dəyişdirilir, proqram təminatının yenilənməsi ilə bağlı təkliflər səsləndirilir. Bəzi təhsil müəssisələrinin müvafiq qurumların tabeliyinə verilməsindən sonra orada müəyyən struktur dəyişiklikləri də baş verib. Ancaq bütün bunlar kollec məzunlarının əmək bazarının tələblərinə uyğunlaşmasını təmin edə bilmir.

Ona görə də kolleclərdə daha dərin islahatlara ehtiyac var. Mən düşünürəm ki, bu islahatları yalnız ali təhsil müəssisələrinin tabeliyində, yəni onların birbaşa nəzarəti altında həyata keçirməklə tədris proqramlarını yeniləmək və professor-müəllim heyətinin bu prosesdə daha fəal iştirakını təmin etmək mümkündür".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə