Müstəqillik günü ADU-da

Azərbaycan Dillər Universitetində (ADU) 18 oktyabr-Müstəqillik gününə həsr olunmuş bayram tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə açılış sözləri ilə Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev çıxış edib. O bildirib ki, 1918-ci ildə bir sıra dövlətlərin öz müstəqilliklərini bərpa etdikləri bir zamanda Azərbaycan da 28 may tarixində bu istiqamətdə addım atmış, lakin 23 ay sürən bu müstəqillik dövrü 1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğalı ilə sona yetib. Ə.Əliyev 70 il Sovetlər dönəmində yaşayan Azərbaycan xalqının öz azadlığının bərpası uğrunda qurbanlar verdiyini qeyd edib.

Ə.Əliyevin çıxışından sonra tədbir aparıcıları bu günün tarixindən söz açıblar. Müstəqil Azərbaycanın müstəqil tələbələri Müstəqillik günü üçün böyük səylə hazırladıqları çıxışları ilə tədbirə start veriblər. ADU-nun "Dalğa" rəqs qrupu milli və digər ölkələrin rəqsləri, tələbələrdən Mehin Əsədli " Azərbaycan dünyam mənim " şeiri, Məzmurə Zeynallı "Qarabağ", Aysel Babayeva "Azərbaycan" mahnısını ifa etdilər. Tələbələr öz təqdimatları ilə tədbir iştirakçılarına maraqlı anlar yaşadıblar. ADU-nun "3G KVN" Şən və Hazırcavablar komandası isə zaldakıların çöhrəsində təbəssüm yaratmağa nail olub.

Bütün xəbərlər Facebook səhifəmizdə