Ali təhsil üçün yeni kitab

Bakı Avrasiya Universitetində "Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi İctimai Birliyinin (AİM) "Ali məktəblərdə jurnalistika təhsilinin və informasiya-kommunikasiya strategiyalarının inkişafına dair hüquqi təşəbbüslər" layihəsi çərçivəsində nəşr olunub.

Müəllim və tələbələrin, hüquqşünas və jurnalistlərin iştirak etdiyi tədbirdə Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq olunmuş kitab haqqında çıxışlar edilib. Bundan əlavə, onun müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı şəraitində əhəmiyyəti ilə bağlı fikirlər söylənilib, informasiya əsrinin yeniliklərinə müvafiq olaraq gələcəkdə belə vəsaitlərin təkrar nəşrinin zəruriliyi ilə əlaqədar təkliflər səsləndirilib. Beynəlxalq media hüququnun aktual problemlərinə və ölkənin KİV qanunvericiliyinin müasir beynəlxalq hüquq normaları ilə qarşılıqlı əlaqəsinə həsr edilmiş kitabın jurnalistlər, hüquqşünaslar və geniş ictimaiyyət üçün faydalı olacağına əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə