"Məktəbəqədər təhsil uşağın gələcək akademik uğurunun təməlidir" - TƏHSİL EKSPERTİ

"Məktəbəqədər təhsil uşağın gələcək akademik uğurunun təməlidir" - TƏHSİL EKSPERTİ

"Mən hesab edirəm ki, məktəbəqədər təhsilin uşağın gələcək akademik uğurunda rolu kifayət qədər böyükdür". Bu sözləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Əlmusa Atamalıyev deyib.

Onun sözlərinə görə, çünki uşağın sonrakı təhsil həyatında nümayiş etdirəcəyi bir sıra bacarıqların təməli məhz erkən yaş dövründə formalaşır: "Burada söhbət yalnız hərf və rəqəmləri öyrənməkdən getmir. Uşağın diqqəti, yaddaşı, nitqi, ünsiyyət bacarığı, özünüifadəsi, sosiallaşması, problem həll etməsi, müstəqil düşünməsi və öyrənməyə marağı məhz bu mərhələdə inkişaf etdirilir.

Məktəbəqədər təhsilin əsas məqsədi uşağı birinci sinfin proqramını əvvəlcədən mənimsətmək deyil, onu məktəb mühitinə psixoloji, sosial və intellektual baxımdan hazırlamaqdır. Məsələn, uşaq növbə gözləməyi, tapşırığı sona qədər yerinə yetirməyi, müəllimi dinləməyi, yaşıdları ilə əməkdaşlıq etməyi və fikrini ifadə etməyi öyrənirsə, bunlar onun gələcək təhsil fəaliyyətinə birbaşa təsir edən bacarıqlardır. Azərbaycan qanunvericiliyində də beş yaşlı uşaqlar üçün məktəbə hazırlığın zəruri olduğu müəyyənləşdirilib.

Ölkəmizdə son illərdə məktəbəqədər təhsilin və məktəbəhazırlığın əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Elm və Təhsil Nazirliyinin 2025–2026-cı tədris ili üzrə rəsmi hesabatına əsasən, ölkə üzrə 107 348 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb edilib. Eyni hesabatda 86 432 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarını bitirdiyi qeyd olunur. Bundan əlavə, “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 1158 məktəb üzrə 1595 qrupda 24 119 nəfər 3–4 yaşlı uşaq məktəbəqədər təhsilə cəlb edilib. Bu göstəricilər məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi baxımından müsbət tendensiyanı göstərir. Xüsusilə məktəbəqədər müəssisələrin imkanlarının məhdud olduğu ərazilərdə icma əsaslı modelin tətbiqi uşaqların təhsilə çıxış imkanlarının artırılması baxımından əhəmiyyətlidir.

Lakin burada ikinci və daha vacib məsələ var: əhatə dairəsi qədər təhsilin keyfiyyəti də önəmlidir. Uşağın məktəbəqədər təhsilə cəlb olunması hələ onun avtomatik olaraq keyfiyyətli məktəbəqədər təhsil aldığı anlamına gəlmir. Təhsilverənin peşəkarlığı, uşaqlar üçün yaradılan inkişafetdirici mühit, qruplarda uşaqların sayının optimal olması, oyun əsaslı və yaşa uyğun öyrənmənin təşkili, fərdi yanaşma və valideyn-müəssisə əməkdaşlığı burada mühüm rol oynayır.

Məktəbəqədər təhsilin dövlət standartı və proqramı da bu mərhələdə uşağın intellektual, fiziki və mənəvi inkişafına, ilkin bilik, bacarıq və vərdişlərin formalaşdırılmasına yönəlib. Buna görə məktəbəqədər təhsildə nəticəni yalnız “uşaq neçə hərf və rəqəm bilir?” sualı ilə ölçmək düzgün olmaz. Əsas məsələ uşağın öyrənməyə marağının, ünsiyyət və əməkdaşlıq bacarıqlarının, müstəqil düşünmə və problem həll etmə qabiliyyətinin inkişaf etdirilməsidir.

Mənim fikrimcə, Azərbaycanda qarşıdakı mərhələdə əsas hədəf yalnız məktəbəqədər təhsilin əhatəsini artırmaq deyil, eyni zamanda bütün uşaqlar üçün keyfiyyətli və bərabər imkanların təmin olunması olmalıdır. Xüsusilə regionlar arasında imkan fərqinin azaldılması, məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının gücləndirilməsi, pedaqoji kadrların davamlı peşəkar inkişafının təmin edilməsi diqqətdə saxlanılmalıdır.

Burada valideynlərin də rolunu ayrıca qeyd etmək lazımdır. Məktəbəqədər təhsil yalnız müəssisənin işi kimi qəbul edilməməlidir. Uşağın evdə ünsiyyət qurması, kitab və oyun vasitəsilə öyrənməyə təşviq edilməsi, suallarının dinlənilməsi və müstəqil fəaliyyətinə imkan yaradılması məktəbəqədər təhsilin nəticələrini əhəmiyyətli dərəcədə tamamlayır.

Bir məqamı xüsusilə vurğulamaq istərdim: məktəbəqədər təhsil uşağı məktəbə tələsdirmək deyil, onu məktəbə hazır etməkdir. Uşağın erkən yaşda oxuma-yazma və hesablama ilə həddindən artıq yüklənməsindən daha vacib olan onun maraq göstərməsi, sual verməsi, araşdırması, ünsiyyət qurması və öyrənməkdən zövq almasıdır.

Ona görə də məktəbəqədər təhsilə qoyulan investisiyanı yalnız bugünkü təhsil nəticəsi kimi deyil, uşağın gələcək akademik, sosial və şəxsi inkişafına qoyulan uzunmüddətli sərmayə kimi qiymətləndirmək lazımdır. Keyfiyyətli məktəbəqədər təhsil uşağın məktəbə başladığı gün deyil, onun bütün gələcək öyrənmə həyatında öz nəticəsini göstərir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə