Statistikaya əsasən əhalinin bir hissəsinin formal peşə və ya ixtisası yoxdur. SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə illik təxminən 150 min nəfər orta təhsil səviyyəsini başa vurur:
"Bu məzunların yalnız təxminən 60 minə yaxını ali təhsilə qəbul olunur. Peşə təhsili alanların sayı isə hazırda 30 min nəfər ətrafındadır. Bu rəqəm cari ilin deyil, əvvəlki illərdə qəbul olunan tələbələri də əhatə edir. Halbuki orta təhsil səviyyəsində olan 100 mindən artıq insan potensial olaraq peşə təhsili almaq imkanı əldə edə bilər".
Nazir qeyd edib ki, bir çox insan ixtisasını qeyri-rəsmi şəkildə, ənənəvi üsullarla və ya praktiki təcrübə yolu ilə əldə edib:
“Bu səbəbdən peşə təhsilinin cəlbediciliyinin artırılması, müasir əmək bazarına uyğunlaşdırılması və daha çevik modellərlə təşkili vacibdir. Beləliklə, həm gənclər, həm də peşə dəyişmək istəyənlər üçün peşə təhsili real bir seçimə çevrilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə