AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycanda səfərdə olan vyetnamlı ədəbiyyatşünas alimlərlə görüşüb. Bu barədə SİA-ya AMEA-dan bildirilib.
AMEA Rəyasət Heyətində keçirilən görüşdə Azərbaycanla Vyetnam arasında bütün sahələrdə əməkdaşlığın genişləndirildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli elm sahəsində də əlaqələrinin yaradılmasının əhəmiyyətinə toxunub. Akademiyanın tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verən AMEA rəhbəri keçmiş sovet dövründə digər respublikalarda olduğu kimi, Azərbaycanda da yalnız Avropa və Amerika ədəbiyyatının öyrənildiyini, Asiya ölkələri ilə bağlı tədqiqatlara önəm verilmədiyini deyib. Müstəqillik dövründə isə ilk dəfə olaraq 2016-cı ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Asiya xalqları ədəbiyyatı şöbəsinin yaradıldığını, şöbədə digər Asiya xalqları ilə yanaşı, Vyetnam ədəbiyyatına da dair tədqiqatlara başlanıldığını diqqətə çatdırıb. Bildirib ki, şöbənin əməkdaşı Sevda Məmmədova tərəfindən Vyetnam ədəbiyyatına dair fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib. Bu da müstəqillik dövründə bu mövzuda yazılmış ilk tədqiqat əsəridir.
Vyetnamın Hanoy Universitetinin professoru Nguyen Van Çien çıxışında keçən ilin dekabr ayında AMEA-da keçirilmiş “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransın nəticələrinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb, tədbir barədə Vyetnamın rəsmi qəzetində geniş məqalə ilə çıxış etdiyini bildirib. Ölkələrimiz arasında elm sahəsində də əlaqələrin qurulmasının vacibliyindən danışan vyetnamlı professor meydana çıxacaq birgə elmi layihələrin uğurlu başlanğıc olduğunu deyib. Vyetnamın Hanoy Universitetində türkologiya üzrə elmi mərkəzin yaradılması ilə bağlı layihə üzrə işlənildiyini vurğulayan qonaq qurumun elmi-ədəbi əməkdaşlığa böyük töhfə verəcəyinə əminliyini bildirib.
Vyetnamlı araşdırmaçı, yazıçı, jurnalist və tərcüməçi Di Li isə çıxışında elmi-ədəbi əlaqələrin inkişaf etdirilməsində AMEA ilə əməkdaşlığın perspektivlərindən danışıb. Görüşün birgə elmi layihələrin meydana çıxmasına şərait yaradacağaını vurğulayıb.
Görüşdə Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzinin yaradılması, AMEA ilə Hanoy Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması, qarşılıqlı kitab tərcüməsi və nəşri, digər elmi layihələrə dair fikir mübadiləsi aparılıb, müvafiq razılıq əldə olunub.
Sonra qarşılıqlı kitab hədiyyələri təqdim edilib.
Sonda qonaqlar AMEA Rəyasət Heyətinin tarixi binası ilə tanış olublar.
Görüşdə Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə və Vyetnam ədəbiyyatı üzrə tədqiqatçılar da iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə