Bakı şəhərində Doğu Akdeniz Universitetinin tanıtım ofisi fəaliyyətə başladı - FOTOLAR

25 iyul 2025-ci il tarixində Hədəf Şirkətlər Qrupunun baş idarə binasında Şimali Kipr Türk Cümhuriyyətinin aparıcı ali təhsil müəssisələrindən olan Doğu Akdeniz Universitetinin Bakı tanıtım ofisinin açılış mərasimi baş tutdu. SİA-nın verdiyi məlumata görə, tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil Naziri cənab Nazım Çavuşoğlu, Doğu Akdeniz Universitetinin rektoru cənab Hasan Kılıç, Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Lefke Avropa Universitetinin rektoru cənab Mehmet Ali Yükselən, Wotmax Şirkətinin rəhbəri İlhami Bilgən, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, Nizami Rayon Bələdiyyəsinin sədr müavini Vüqar Tarquliyev, ADPU-nun rektoru Cəfər Cəfərov, AETİHİ sədr müavini Mirzə Cəfərzadə, Marsol Qrup rəhbəri Tural Mustafayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları — Vüqar İsgəndərov və Azərbaycan‑Şimali Kipr Türk Cümhuriyyəti Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev, eləcə də, xaricdə təhsil şirkətinin əməkdaşları, rəhbərləri və digər rəsmi şəxslər iştirak etdilər.

Bu layihə təkcə iki dövlət arasında münasibətlərin inkişafı baxımından deyil, həm də ümumtürk dəyərlərinin yaşadılması və ortaq gələcək vizyonunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasındakı bu cür əməkdaşlıq təşəbbüsləri türk dünyasının inteqrasiyasını gücləndirən strateji addımlar kimi qiymətləndirilir.

Təhsil, elm və mədəniyyət sahələrində atılan addımlar Türk Dövlətləri Təşkilatının məqsəd və dəyərlərinə uyğun olaraq bütün türk dövlətlərini birləşdirən ortaq platformaların qurulmasına xidmət edir. Bu addım sadəcə iki dövlət arasında deyil, ümumən türk coğrafiyasındakı gənclər arasında əməkdaşlıq, anlaşma və həmrəylik ruhunun möhkəmləndirilməsi üçün nümunəvi olacaq. Təhsil sahəsində belə təşəbbüslər ortaq mədəni irsin qorunması, bilik və təcrübə mübadiləsi, ortaq layihələrin həyata keçirilməsi kimi istiqamətlərdə yeni imkanların yaranmasına zəmin yaradıb ki, bu da bütövlükdə Türk Birliyinin möhkəmlənməsi və gələcək nəsillərin ortaq dəyərlərlə yetişməsi üçün böyük bir addımdır.

Qonaqlar ofislə tanış olduqdan sonra rəmzi qırmızı lent kəsildi və bununla da, tədbirin rəsmi açılışına start verildi. Açılışı Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq etdi. O, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasında təhsil sahəsində formalaşan bu körpünün gələcəkdə daha geniş əməkdaşlıqlara zəmin yaradacağına inandığını bildirdi.

Daha sonra çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil Naziri Nazım Çavuşoğlu iki ölkə arasındakı dostluq münasibətlərinin təməlində ortaq mədəniyyət və dəyərlərin dayandığını vurğuladı. O, Bakı tanıtım ofisinin yaradılmasının gələcək nəsillərin maarifləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə etdi.

Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç çıxışında rəhbərlik etdiyi ali təhsil müəssisəsinin akademik potensialı, geniş infrastrukturu və təcrübəli professor-müəllim heyəti ilə azərbaycanlı tələbələr üçün geniş imkanlar təqdim edəcəyini vurğuladı. O, universitetin beynəlxalq səviyyəli təhsil xidmətlərinin tələbələrə yeni üfüqlər açacağını qeyd etdi.

Millət vəkili Cavanşir Feyziyev isə çıxışında ölkələrarası təhsil əlaqələrinin gücləndirilməsinin strateji əhəmiyyətini qeyd edərək bu istiqamətdə atılan addımları hər zaman dəstəklədiklərini bildirdi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov çıxışında təhsilin inkişafı baxımından belə təşəbbüslərin vacibliyini qeyd edərək Şimali Kiprlə qurulan əməkdaşlığın təqdirəlayiq olduğunu vurğuladı.

Wotmax Şirkətinin rəhbəri İlhami Bilgən də tədbirdə çıxış edərək şirkətlərarası əməkdaşlığın gücləndirilməsinin və təhsil layihələrinə dəstəyin əhəmiyyətini önə çəkdi. O, bu istiqamətdə qurulan hər bir tərəfdaşlığın gələcək üçün mühüm əsas olduğunu ifadə etdi.

Tədbirdə, eyni zamanda, Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Lefke Avropa Universitetinin rektoru cənab Mehmet Ali Yükselən və Milli Məclisin deputatı Vüqar İsgəndərov da çıxış edərək öz dəyərli fikirlərini bölüşdülər. Qonaqlar Azərbaycan və Şimali Kipr arasında formalaşan təhsil əlaqələrinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə gələcək əməkdaşlıqların davamlı olacağına inandıqlarını bildirdilər.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə