DAVOS Forum: Yeni layihələrə açılan nəhəng yol

Davos İqtisadi Forumu Azərbaycanın uğurlarının bütün dünyaya tanıdılmasında önəmli rol oynayır

Yanvarın 21-də İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu işə başlayıb. 24 yanvaradək davam edəcək iqtisadi foruma 117 ölkədən 3 min siyasətçi, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər qatılıb. Sammitdə "Uyğunlaşmış və davam etdirilə bilən bir dünyanın tərəfdarları" mövzusu ilə 400-dən çox açıq və qapalı iclasın keçirilməsi planlaşdırılıb. Davosda 50-dən çox ölkə prezident və baş nazir səviyyəsində təmsil olunur.

Forumda hər il, bir sıra mühüm qlobal problemlər, siyasi, geosiyasi və təhlükəsizliklə bağlı əhəmiyyətli məsələlər müzakirə olunur. Xatırladaq ki, əsası 1971-ci ildə isveçrəli professor Klaus Şvab tərəfindən qoyulan və qərargahı Cenevrədə yerləşən Davos İqtisadi Forumu dünyada ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır. Müxtəlif ölkələrin prezidentləri, baş nazirləri, iş adamları, eləcə də, dünyanın tanınmış şəxsləri üçün Davos İqtisadi Forumu bir tribuna rolunu oynayır. Forumda qəbul edilən qərarlar tövsiyə xarakteri daşıyır. Burada beynəlxalq aləmdə ciddi narahatlıq doğuran məsələlər, müxtəlif ölkələrdən investisiyaların cəlb olunması, iqtisadi vəziyyət və ayrı-ayrı dövlətlərin potensialı müzakirə olunur.

"Azərbaycanın vahid və dayanıqlı dünyada rolu"

Dövlətimizin başçısı İlham Əliyev artıq 14-cü dəfədir ki, iştirak etdiyi Davos İqtisadi Forumunda indiyədək dünyanın aparıcı iş adamları ilə görüşüb, onlarda ölkəmizin iqtisadi imkanları barədə aydın, obyektiv təsəvvür yaradıb və Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrini dünyaya çatdırıb. Məhz bütün bunların nəticəsidir ki, ölkəmizə investisiya qoyuluşu və yeni texnologiyaların gətirilməsi prosesi sürətlənib.

Ən əsas məqam isə zirvə toplantısından bir neç gün öncə, Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu" sərlövhəli məqaləsinin yerləşdirilməsidir. Dövlət başçımız həmin məqaləsində bildirir ki, Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platformadır: "Mən 2007-ci ildən başlayaraq, artıq 14-cü dəfədir ki, Davosda bu forumun İllik Toplantısında iştirak edəcəyəm. Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, bizə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir".

Prezident İlham Əliyev məqaləsində "Doing Business 2009" və "Doing Business 2019" hesabatlarında dünyanın lider islahatçı ölkəsi kimi tanındırdığının qeyd edir. Bildirir ki, Azərbaycanda gerçəkləşdirilən islahatlar nəticəsində, 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən, qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsulluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalaraq, 4,9 faizə çatıb. Bu dövrdə respublikamız iki dəfə "Doing Business 2009" və "Doing Business 2019" hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb.

Məqalədə, həmçinin, diqqətə çatdırılır ki, 2007-ci ildən keçən dövr ərzində, ölkəmizə 111 milyard ABŞ dollarından çox xarici investisiya cəlb olunub ki, bu da iqtisadiyyatın bütün sahələrində irəliləyişləri təmin edib. Nəticə etibarilə, Davos İqtisadi Forumunun açıqladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyi 2006-2007-ci ildə 64-cü yerdə idisə, 2017-2018-ci ildə 137 ölkə arasında 35-ci yerə qədər yüksəlməklə, 2019-cu ildə "Əhalinin elektrik təchizatı səviyyəsi" üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında, "Hökumət tənzimləməsinin yükü" və "Əcnəbi işçilərin işə qəbulunun asanlığı" üzrə 3-cü yerdə, "Hökumətin dəyişməyə cavabdehliyi" üzrə 5-ci yerdə, "Biznesə başlama üçün tələb olunan günlərin sayı" üzrə 8-ci yerdə, "Hökumətin uzunmüddətli strategiyası" üzrə isə 10-cu yerdə qərarlaşıb.

Dövlət başçısı məqalədə, eyni zamanda, qeyd edir ki, 2019-cu ildə nəqliyyatın ayrı-ayrı sahələri üzrə "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz ön yerlərdə qərarlaşıb. Bu, nəqliyyat və yol infrastrukturunun əhəmiyyətli inkişafı, həmçinin, sözügedən istiqamətdə xarici və yerli investisiyalardan səmərəli istifadə edilməsi, əməkdaşlığa mühüm önəm verilməsi ilə mümkün olub.

Məqalədə yuxarıda sadalananlarla yanaşı, Azərbaycanda ekoloji tarazlığın qorunu-saxlanılması, yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən, təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə "Ağıllı şəhər" konsepsiyasına start verilməsi, ölkəmizin Avropanın enerji təminatında fəal iştirak etməsi, "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasına nail olması kimi məsələlərə toxunulub. Həmçinin, Azərbaycan "Doing Business 2020" hesabatı üzrə dünyada 191 ölkə arasında 34-cü yerdə qərarlaşdığı vurğulanır.

Göründüyü kimi, Azərbaycan Prezidenti ənənəvi Davos İqtisadi Forumuna hər zaman mühüm önəm verib, forum çərçivəsində keçirdiyi görüşlərdə ölkəmizin regionda həlledici mövqeyə malik aparıcı dövlət kimi tanınmasında əhəmiyyətli rol oynayan məqamlara toxunub.

Bir sözlə, Prezident İlham Əliyev Davosda keçirilən gürüşlər zamanı etdiyi çıxışlarda, verdiyi müsahibələrdə təkcə mövcud iqtisadi potensialımız haqda deyil, eyni zamanda, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğalı ilə ölkə iqtisadiyyatına vurulmuş ziyanla bağlı da iştirakçıları ətraflı şəkildə məlumatlandırıb.

"Azərbaycan artıq OPEC üzvü kimi özünü göstərir. Əminəm ki, bu, belə də davam edəcək"

Prezident İlham Əliyev 50-ci Dünya İqtisadi Forumu zamanı bir çox şirkət rəhbərləri ilə görüşlər keçirib. Dövlət başçısı Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşü zamanı ötən beş il əvvəlki əməkdaşlıqla bağlı görüşləri xatırladıldı. Prezident İlham Əliyev beş il əvvəl irəli sürdüyü təklifin nəticəsində tərəfdaşlığın yarandığını qeyd edib: "Bu təklifi ciddi nəzərə aldığına görə, OPEC-ə minnətdaram və biz, həqiqətən, çox nadir tərəfdaşlıq formatını yaratdıq. Hesab edirəm ki, bu formata malik olan, lakin təkcə format yox, eyni zamanda, qərarları səmərəli icra edən başqa belə bir beynəlxalq təşkilat yoxdur. Bəzən hətta bir təşkilat daxilində razılığa gəlmək mümkün olmur. Lakin OPEC-ə üzv olan və üzv olmayan ölkələr, böyük və kiçik neft istehsalçıları birləşdilər. Çünki bu, bizim ümumi məqsədimiz idi".

Dövlət başçısı onu da bildirib ki, bu əməkdaşlığın bundan sonra da güclənəcəyini deyib: "Mən OPEC+ formatında görüşlərin birinin Bakıda keçirilməsi ilə bağlı təşəbbüsə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən sizi dəvət etdim və siz bu dəvəti qəbul etdiniz. Biz əməkdaşlığımızın gücləndirilməsini səbirsizliklə gözləyirik. Azərbaycan artıq OPEC üzvü kimi özünü göstərir. Əminəm ki, bu, belə də davam edəcək".

Dövlət başçısı, həmçinin, İsveçrəyə işgüzar səfəri çərçivəsində "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə, Davosda "CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramerlə, "Signify" şirkətinin baş icraçı direktoru Erik Rondolat, "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşləri olub.

Bütün bunlar, onu deməyə əsas verir ki, zəngin təbii ehtiyatlara malik olan, əlverişli coğrafi-siyasi məkanda yerləşən Azərbaycanın beynəlxalq aləmlə əməkdaşlığa töhfələri davamlıdır və yüksək dəyərləndirilir. Şübhə yoxdur ki, forumdakı müzakirələrdə əldə edilən nəticələr əsasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinə təsirli təkan verən faktorlardan olacaq. Bütövlükdə, Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksələcək, əməkdaşlığın inkişafı, ölkəmizə investisiya axınının artması üçün daha geniş imkanlar yaranacaq və növbəti Davos Forumunda yeni uğurları ilə iştirak edəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə