MTN 2016-cı ilin birinci yarımilliyi ərzində gördüyü işlər

MTN 2016-cı ilin birinci yarımilliyi ərzində gördüyü işlər

Azərbaycanın gəlmə turizm imkanlarının genişləndirilməsi məqsədilə infrastruktur layihələrinin və məhsullarının çeşid imkanlarının artırılması, xidmət səviyyəsinin yaxşılaşdırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi, ölkəyə gəliş imkanlarının asanlaşdırılmasının təmin edilməsi kimi məsələlərlə yanaşı, xaricdə respublikamızın turizm potensialının və müsbət imicinin təbliği böyük əhəmiyyət kəsb etməkdədir. SİA-nın verdiyi xəbərə görə, bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradıldığı ilk gündən etibarən dünyanın bir sıra ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması və zəngin mədəni irsinin təbliği məqsədilə geniş miqyaslı fəaliyyət həyata keçirməkdədir. Nazirlik ölkə turizminin xaricdə təbliği, eləcə də xarici və milli turizm sənayesi nümayəndələri arasında işgüzar münasibətlərin yaradılması və davamlılığının təmin edilməsi məqsədilə beynəlxalq turizm sərgilərində təmsil olunur.

2016-cı ilin birinci yarımilliyi ərzində Nazirliyin iştirakı ilə 13 beynəlxalq turizm sərgisində ölkəmizə məxsus milli stend quraşdırılıb. Sərgilərdə Nazirliklə yanaşı 30-dan artıq şirkət də iştiraka cəlb edilib. Bundan əlavə Nazirliyin həmtəşkilatçılığı ilə Azərbaycan Konqreslər Bürosu və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi tərəfindən bir sıra beynəlxalq sərgilərdə də iştirak təmin edilib. Belə ki, ötən müddət ərzində Azərbaycanın Bakı şəhərində keçirilən "AİTF", Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT", İranın Tehran şəhərində keçirilən "HT&T", İtaliyanın Milan şəhərində keçirilən "BİT", Almaniyanın Berlin şəhərində keçirilən "İTB Berlin" və Frankfurt şəhərində keçirilən "İMEX", Rusiyanın Moskva şəhərində keçirilən "MİTT", Çinin Pekin şəhərində keçirilən "COTTM", BƏƏ-nin Dubay Əmirliyində keçirilən "ATM", Koreyanın Seul şəhərində keçirilən "KOTFA", ABŞ-ın Nyu-York şəhərində keçirilən "New York Times Travel Show", Qazaxıstanın Almatı şəhərində keçirilən "KİTF" və "KİHE" kimi beynəlxalq turizm sərgilərində iştirak edib.

Nəzərinizə çatdıraq ki, 2016-cı ilin ikinci yarımilliyində Mədəniyyət və Turizm Nazirliyinin Yaponiyanın Tokio şəhərində keçiriləcək "JATA", Özbəkistanın Daşkənd şəhərində keçiriləcək "Turizm İpək Yolunda" və Böyük Britaniyanın London şəhərində keçiriləcək "WTM" beynəlxalq turizm sərgilərində iştirakı planlaşdırılır.

Qeyd edək ki, beynəlxalq turizm sərgilərində Nazirliyin sifarişi əsasında qurulan stendlərdə turizm sənayesi nümayəndələrinin iştirakı ilə bağlı nümunəvi müqavilə forması tərtib edilmiş və 30-dan yerli turizm şirkəti ilə sərgilərdə iştirakla bağlı müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə