Xaçmazda “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçiriləcək FOTOLAR

Xaçmazda “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçiriləcək FOTOLAR

İyunun 24-də Xaçmaz şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi, Xaçmaz Rayon İcra Hakimiyyəti və rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə "Multikultural dəyərləri yaşadaq" adlı beynəlxalq festival keçirilib. Ölkəmizdə "Multikulturalizm ili" çərçivəsində təşkil olunan festival "Multikulturalizmin alternativi yoxdur" şüarı altında gerçəkləşib.

Əvvəlcə tədbir iştirakçıları Xaçmaz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və tədbirə qatılan müxtəlif ölkələrin nümayəndələri şəhərin mədəniyyət və istirahət parkında ölkəmizdə yaşayan milli azlıqların mədəniyyətini əks etdirən sərgiyə baxıblar. Xaçmaz Şəhər İncəsənət Mərkəzində uşaq və incəsənət məktəbi şagirdlərinin ifaları və rəsm sərgisi nümayiş olunub. Rayon Tarix-Diyarşünaslıq muzeyinin həyətində pəhləvanlar öz bacarıqlarını nümayiş etdiriblər.

Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev mətbuat nümayəndələri üçün brifinq keçiriblər.

Nazir Əbülfəs Qarayev çıxış edərək "Multikulturalizm ili" çərçivəsində tədbirlərin Bakı ilə yanaşı, regionlarda da təşkilindən məmnunluğunu ifadə edib, festivalın keçirilməsində yaxından iştirakına görə rayon İcra Hakimiyyətinə və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzə təşəkkürünü bildirib. Qeyd olunub ki, ölkəmizdə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin, xarici qonaqların iştirakı ilə keçirilən tədbirə gənc mədəniyyət işçilərinin də qoşulması sevindirici haldır.

Əbülfəs Qarayev Heydər Əliyev Fondunun "Multukulturalizm ili" çərçivəsində həyata keçirdiyi irimiqyaslı tədbirlərin əhəmiyyətindən də söz açıb.

Bildirilib ki, Azərbaycan mədəniyyəti Azərbaycan xalqının sərvətidir və bu sərvətə ölkəmizdəki milli azlıqların nümayəndələrinin bəxş etdiyi rəngarənglik bu mirası daha da zənginləşdirir. Azərbaycanın multikultural ənənələrə sadiqliyi digər ölkələr üçün nümunədir.

Festivalın davamlı olacağına əminliyini ifadə edən nazir festivalın kubokunu rayon İcra Hakimiyyətinin başçısına təqdim edib. Növbəti tədbirin Qubada keçirilməsi üçün bu rayonun Mədəniyyət və Turizm şöbəsinin müdirinə "qızıl açar" təqdim olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək festivala 39 rayondan mədəniyyət işçilərinin qatıldığını, milli azlıqların nümayəndələrinin sevinc və həvəslə festivala öz töhfələrini verdiklərini bildirib.

Festival çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin mədəniyyət dərnəyi ilə Xaçmaz Rayon Mədəniyyət Mərkəzi arasında, həmçinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzlə ilə Belarus Respublikası Xalq Sənətləri və Mədəni Maarifləndirmə İşləri üzrə Metodiki Mərkəz arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

Daha sonra tədbir "Multikulturalizmin alternativi yoxdur" mövzusunda elmi-praktik konfransla davam edib. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi tədbirləri yüksək səviyyədə təbliğ etdiyi üçün SƏS TV təltif edilib. Diplomu nazir Əbülfəs Qarayev SƏS TV-nin Şimal bürosunun rəhbəri Emin Kərimova təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə