“Zərgərlik inciləri” ekspozisiyasının açılışı olub FOTOLAR

“Zərgərlik inciləri” ekspozisiyasının açılışı olub FOTOLAR

Azərbaycan Xalça Muzeyinin kolleksiyasından "Zərgərlik inciləri" adlı ekspozisiyanın təqdimetmə mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, dövlət nümayəndələri, sənət xadimləri, digər muzeylərin əməkdaşları iştirak edib.

Tədbirin açılışını edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, sərgidə fondda saxlanılan 800-dək eksponatdan bir qismi yer alıb: "Zərgərlik nümunələrinin böyük hissəsi XIX əsrin sonu-XX əsrin əvvəllərində, digərləri isə eramızdan əvvəl IV-II minilliklərdə, tunc dövründə yaradılıb. Eksponatların böyük hissəsini zinət əşyaları təşkil edir.

Bununla yanaşı, eksponatların sırasında məişət əşyaları da vardır. Zərgərlik sənətinin müxtəlif texnikaları əsasında işlənmiş dekorativ-tətbiqi sənət nümunələrindən olan soyuq silah növləri xüsusilə diqqətəlayiqdir".

Çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunub saxlanmasının təşəbbüskarı olan Ümummilli Lider Heydər Əliyevin muzey sahəsinin inkişafında xidmətlərindən danışıb: "Bildiyimiz kimi, 18 may tarixi 150-dən çox ölkədə, o cümlədən, Azərbaycanda "Beynəlxalq Muzey Günü" kimi qeyd olunur. Muzeylərin qədim mədəni irsimizin, tarixi ənənələrimizin qorunub gələcək nəsillərə ötürülməsində xidməti danılmazdır.

Ulu Öndər Heydər Əliyev də daim mədəni siyasətində muzeylərin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşıb. O, hakimiyyətə gələndən sonra 1968-ci ildən etibarən, yeni muzeylər fəaliyyətə başladı.

Bu gün ölkə başçısı cənab İlham Əliyev həmin ənənəni uğurla davam etdirir, bu sahədə ciddi islahatlar aparır. Nəticədə, 2008-ci ildən bu günədək 23 yeni muzey müəssisəsi açılıb. Eyni zamanda, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə Müasir İncəsənət Muzeyi, Daş Salnaməsi Muzeyi, XIX-XX əsrlərə aid Rəngkarlıq Muzeyi, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb və bu gün uğurla fəaliyyət göstərir.

"Zərgərlik inciləri" ekspozisiyasının təqdimatının məhz belə əlamətdar günə təsadüf etməsi təqdirəlayiq haldır. Çünki zəngin irsə malik zərgərlik sənətinin qorunub saxlanmasında və təbliğində muzeylərin birbaşa rolu var".

AMEA-nın müxbir üzvü, sənətşünas Ertəkin Salamzadə Azərbaycan zərgərlik sənətinin digər türk xalqlarının mədəniyyətindən heç də geri qalmadığını vurğulayıb.

Çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyası "İncəsənət tarixi" kafedrasının professoru, sənətşünas Kübra Əliyeva Azərbaycan zərgərlik sənətinin tarixi haqqında məlumat verərək bildirib ki, Azərbaycanın zəngin zərgərlik sənətinə malik olması xalqımızın həm maddi mədəniyyətinin yüksəkliyinə, həm də dünyanın gözəlliyini və harmoniyasını görmək bacarığına dəlalət edir.

Daha sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, Zərgərlik fondunda qorunan nümunələr Azərbaycanın bir çox bölgələrini əhatə edir. Ziyarətçilər burada həkketmə, şəbəkə, tökmə, basma, qarasavad, minasazlıq və digər qədim üsullarla hazırlanmış zərgərlik nümunələri ilə tanış ola biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə