"Sarılar-Qarabağ atının izi ilə” filminin təqdimat mərasimi keçirilib

"Sarılar-Qarabağ atının izi ilə” filminin təqdimat mərasimi keçirilib

Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycan, C.Cabbarlı adına "Azərbaycanfilm" və "STUDIO TOR 1 Filmproduction" (Berlin, Almaniya) kinostudiyası ilə birlikdə "Sarılar-Qarabağ atının izi ilə" adlı yeni sənədli filminin nümayişi ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin sektor müdiri İntiqam Hümbətov , BP Azərbaycan Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı və filmin rejissoru Willi Neumann ekran əsərinin ərsəyə gəlməsi haqqında məlumat verib, KİV nümayəndələrinin suallarını cavablandırıb.

Tamam Bayatlı qeyd edib ki, ekran əsərinin çəkilişlərinə başlamadan öncə, Qarabağın tarixi, mədəniyyəti, təbiəti haqqında ətraflı məlumat əldə edilib. Film ingilis-azərbaycan dilində subtitrlə nümayiş olunur. Gələcəkdə ekran işinin alman dilinə tərcümə olunub, beynəlxalq arenaya çıxarılması nəzərdə tutulub.

BP Şirkəti ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığını yüksək qiymətləndirən Yusif Şeyxov şirkətin mədəniyyət sektoruna daim dəstək olduğunu vurğulayıb: "BP Şirkəti təkcə neft-qaz sektoru üzrə deyil, həmçinin, mədəni sahədə gerçəkləşdirilən layihələrdə aktiv iştirak edir. Filmə gəldikdə isə, məlumdur ki, Qarabağla bağlı hər məqam bizim üçün önəmlidir. Qarabağ atları bu gün həssas mövzulardan biridir. Çünki mənfur düşmənimiz bizim tarixi irsimizə daim göz dikib. Bu baxımdan, filmdə siyasi məqamlara toxunulmasa da, çəkilişlərin bir neçə Avropa ölkəsində aparılması milli dəyərlərimizin dünyada təbliğində böyük əhəmiyyətə malikdir. Ekran əsərini qarşıda beynəlxalq festivallar gözləyir".

Filmin rejissoru Willi Neumann ekran əsərinin təməlində dayanan ideyanın yaranmasından danışıb: "Azərbaycana 2012-ci ildə gələndə bir çox rayonları gəzmək imkanı əldə etdim. Səfərlərimın birində "Cövkən" oyununu izlədim. Atla sahibi arasındakı harmoniya, anlaşılmaz dostluq mənə təsir etdi. Bu, məndə Azərbaycan atlarına maraq yaratdı və məlumat əldə etməyə başladım. Nəticədə, film ərsəyə gəldi".

Daha sonra "Sarılar-Qarabağ atının izi ilə" filminin təqdimetmə mərasimi başlayıb.

Əvvəlcə Qarabağ uğrunda döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycanın əməkdar incəsənət xadimi, kinorejissor və ssenarist Ayaz Salayev ekran işinin mövzusunun həssaslığını vurğulayıb: "Qarabağ bizim yaralı yerimizdir. Bu torpaqla bağlı olan hər məqam insana toxunur, ümid yaradır. At kinematoqrafiyada hər zaman əsas obraz kimi canlandırılıb. Çünki bu canlı insanla təbiət arasında vəhdət yaradır.

Çıxış edən mədəniyyət və turizm naziri Qarabağ atlarına son zamanlar xüsusi diqqət ayrıldığını bildirib. Nazir qeyd edib ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın səyi nəticəsində Qarabağ atları üzərində oynanılan "Cövkən" oyunu UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib: "Bu filmin son günlər cəbhə xəttində yaşanılan gərginliklərdən sonra təqdimatı xüsusi əhəmiyyətə malikdir. Buna görə də, Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edən BP Şirkətinə minnətdaram və ümid edirəm ki, bizim müştərək layihələrimiz davamlı olacaq".

Sonra film təqdim olunub.

Qeyd edək ki, beynəlxalq yaradıcı heyət tərəfindən çəkilmiş bu film dünyada az sayda qalmış nadir cins atlardan olan Qarabağ atlarının daha geniş tanınması məqsədini daşıyır.

Filmin əsas xəttini 1956-cı ildə Kraliça II Yelizavetaya hədiyyə edilmiş Qarabağ atının-"Qızılı Oğlan"ın qohumlarının axtarışı təşkil edir.

Avropadan keçməklə Qafqaz dağlarının ətəklərinədək çox uzun və təsirli bir səyahətə çevrilən bu axtarış həmin Qarabağ atının nəslinin davamçılarını, xüsusilə də ona bənzəyən "II Qızılı Oğlan"ı öz vətəni Azərbaycanda sağ-salamat və məğrur tapmaqla nəticələnir. Film insanların və onların dostu olan heyvanların bir-birinə, həm də öz torpaqlarına sıx bağlılığı mövzusunu bir daha gündəmə gətirir.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə