Həsənağa Qurbanovun 60 illiyi anılacaq

Həsənağa Qurbanovun 60 illiyi anılacaq

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə noyabrın 23-də Azərbaycan Dövlət Musiqili Teatrında Əməkdar İncəsənət Xadimi Həsənağa Qurbanovun anadan olmasının 60 illiyinə həsr olunmuş tədbir keçiriləcək. SİA-ya idarədən verilən xəbərə görə, tədbirdə "Dan ulduzu" instrumental ansamblının ifasında Həsənağa Qurbanovun repertuarından seçilmiş mahnılardan ibarət konsert təqdim ediləcək.

"Dan ulduzu" instrumental ansamblını yaradan görkəmli musiqiçi, Əməkdar İncəsənət Xadimi Gülarə Əliyevanın layiqli davamçısı olan Həsənağa Qurbanov istedadlı gənc musiqiçilərə böyük diqqət və qayğı göstərib, onların peşəkar musiqiçi kimi yetişmələri üçün gərgin əmək sərf edib və bu ansamblın professional inkişafında böyük əməyi keçib.

Tədbir çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəşr etdirdiyi "Xatirələrdə yaşayan insan" və Meray Həsənağaqızının "Mən sənətkar qızıyam" adlı kitablarının təqdimatı nəzərdə tutulub.

Qeyd edək ki, Həsənağa Qurbanov 1955-ci ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Asəf Zeynallı adına Bakı Orta İxtisas musiqi məktəbini, 1981-ci ildə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əmək fəaliyyətinə 1978-ci ildən Naxçıvan şəhər mədəniyyət evində müəllim və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında pianoçu kimi başlayıb. Sonralar Dövlət Musiqili Teatrında aparıcı dirijor, Naxçıvan Musiqi Texnikumunun direktoru, Azərbaycan Televiziyasının "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri vəzifələrində fəaliyyət göstərib. O, 2001-2007-ci illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində çalışıb.

H.Qurbanov 2007-ci il noyabrın 6-da vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə