“Hüquqlarımız haqqında nə bilirik?” FOTO

“Hüquqlarımız haqqında nə bilirik?” FOTO

Bu gün Bakı Xoreoqrafiya Akademiyasında BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 26-cı ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində "Hüquqlarımız haqqında nə bilirik?" mövzusunda biliyin qiymətləndirilməsi üzrə test və seminar keçirilib. SİA-nın məlumatına görə, İlyas Əfəndiyev Beynəlxalq Fondunun təşkilatçılığı ilə xüsusi ekspertlər tərəfindən hazırlanmış test tapşırıqları üzrə yuxarı sinif şagirdlərinin uşaq hüquqları barədə biliyinin qiymətləndirilməsinə yönəldilmiş tədbir akademiyada təhsil alan şagirdlər tərəfindən müsbət qarşılanıb.

Test şəklində olan qiymətləndirmədən sonra akademiyanın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəs Babazadə şagirdlərlə diskussiya aparıb. Bildirilib ki, uşaq hüquqları konvensiyası 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib. Konvensiya BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir, uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. Daha sonra şagirdlərlə fərdi söhbətlər aparıldı. Diskussiyada iştirak edən şagirdlər aktivlik nümayiş etdirərək onları maraqlandıran suallara cavab tapmaqla yanaşı həm də şəxsi fikir və münasibətlərini bildiriblər.

Qeyd edək ki, tədbir Mədəniyyət və Turizm nazirliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təşəbbüsü ilə reallaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə