“Metodiki təminat Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin prioritet vəzifəsidir”

“Metodiki təminat Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin prioritet vəzifəsidir”

20 oktyabr tarixində Bakı şəhəri Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən hazırlanmış 30 adda müxtəlif tədris proqramları və metodiki vəsaitlərin təqdimat mərasimi təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbirin açılış mərasimində Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərkən bildirmişdir ki, Nazirliyin rəhbərliyi tərəfindən müəyyən olunmuş strateji fəaliyyət istiqamətləri nəzərə alaraq, mədəniyyət müəssisələrinin metodiki təminatı – Mərkəzin prioritet vəzifəsidir. Bu səbəbdən mövcud istiqamətdə Mərkəzin gələcək fəaliyyətini ünvanlı şəkildə təşkil olunması, yəni hər növ mədəniyyət müəssisələri ilə xüsusi əməkdaşlıq əlaqələrinin yaradılması olduqca vacibdir.

Milli və klassik musiqinin təbliğində, uşaq və yeniyetmələr arasında estetik zövqün formalaşmasında, habelə respublikada bədii təhsilin inkişafında Musiqi məktəblərin əvəzolunmaz rolunu bildirən Mərkəzin direktoru, xüsusi olaraq vurğulamışdır ki, birgə səylər nəticəsində mədəniyyət müəssisələrin, xüsusilə uşaq musiqi məktəblərinin cəmiyyətdə populyarlığının artırılması sahənin qarşısında duran strateji vəzifələrindəndir. Bu səbəbdən mədəniyyət müəssisələrin birgə və əlaqəli şəkildə əməkdaşlığı qaçılmazdır.

Daha sonra Mərkəzin Bədii təhsil şöbəsinin müdiri Natiq Mustafayev hazırlanmış vəsaitlər haqqında tədbir iştirakçılarına məlumat vermiş və vəsaitlərin təqdimatı keçirilib.

Eyni zamanda bildirməliyik ki, tədbir çərçivəsində Mərkəzin baş metodisti Rauf İmanov tərəfindən yazılmış kitabın təqdimat mərasimi də təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə