Bakı Film İnstitutunun və kinoprodüser kurslarının açılışı olub - FOTO
Mərkəzin sədri Fehruz Şamıyev çıxışında bildirib ki, kurslarda həm yerli və həm xarici mütəxəssislər dərs deyəcək: \"Üç aylıq təhsil prodüser institutunun yaranması üçün baza rolunu oynaya bilər. Kurslara 25 nəfər qəbul edilib. Onlar müsahibə əsasında seçiliblər. Prodüser kurslarında ideya, ssenari sifarişi, çəkiliş komandasının təşkili, rejissor seçimində nəyə üstünlük verilməlidir, aktyor seçimi zamanı nələr nəzərə alınmalıdır, film üçün maliyyə axtarışı, bazarın öyrənilməsi, filmin yerli və xarici bazara çıxarılma yolları tədris olunacaq. Bundan əlavə klassik və müasir filmlərin nümayişi və müzakirələr keçiriləcək".
\"Azərbaycanfilm\" kino studiyasının istehsalat şöbəsinin rəisi Çingiz Həsənov isə vurğulayıb ki, Azərbaycanda kino sahəsində prodüserlik vacibdir: \"Bizim kinostudiyada da gənc kadrlara ehtiyac var. Bu kimi layihələrin həyata keçirilməsi yüksək qiymətləndirilir\".
Tədbirdə həmçinin rejissor Əli İsa Cabbarov, iranlı rejissor və prodüser Əyyub Dənişvər, "Nərimanfilm" kino şirkətinin direktoru Nəriman Məmmədov də iştirak ediblər.
Qeyd edək ki, kurslarda Türkiyənin ən tanınmış film distribütorlarından biri, bir çox beynəlxalq film festivalları ilə əlaqələrə malik Nizami Eren, Rusiyada çalışan rejissor və prodüser Rodion İsmayılov, iranlı rejissor Nadir Saiver, gürcüstanlı rejissor və prodüser David Caneidze, əməkdar incəsənət xadimi, kinorejissor Şamil Nəcəfzadə, "Nərimanfilm" kino şirkətinin direktoru Nəriman Məmmədov, "Dərviş" Prodüser Mərkəzinin sədri, rejissor və prodüser Əli İsa Cabbarov , Rusiya, Qırğızıstan, Türkiyədə çıxan kino jurnallarında Azərbaycan kinosu ilə bağlı məqalələri dərc olunan kinoşünas Aygün Aslanlı dərs deyəcək.
Bundan başqa, Avropa Kino Akademiyasının ən yaxşı prodüseri və EUROMAGES Ortaq Prodüser mükafatına layiq görülən Zeynəb Özbatur "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin xətti ilə Bakı Film İnstitutunda üç günlük mühazirə oxumağa gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB