“Həyətdə tonqal qalamaqla qohumlar ailəni yasdan çıxarardılar” - MÜSAHİBƏ
Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas Sevinc Qasımovanın SİA-ya müsahibəsini təqdim edir :
Novruz bayramına qədər dörd ilaxır çərşənbələr qeyd edilir. Bu çərşənbələr nələri özündə ehtiva edir ? Çərşənbələrin ardıcıllığı nə ilə bağlıdır ?
“Xalq təqviminə görə, qış üç yerə bölünür: Böyük çilə, kiçik çilə və “bozay”. “Bozay”ın dörd çərşənbəsi xalq içində xüsusi təntənə ilə qeyd olunur. Xalq inanclarına görə qışda hər şey donur, yaz gəldikdə isə hər həftə bir element oyanır. Buna görə də Novruz da dörd həftədə qeyd edilir.
İlk olaraq su təzələnib, isindiyinə görə ilk Su çərşənbəsi gəlir. İkinci çərşənbədə təbiət canlanır, torpaq isinir, buna görə bizləri də od çərşənbəsi qarşılayır. Bu çərşənbə də məhz odu qoruyun, saxlamaq inamına əsasən yaranıb. Elə zərdüşt görüşlərindən də çox-çox əvvəl insanlar torpağı canlandıran odu təsəvvürlərində rəmziləşdirmişdilər. Belə bir etiqad da yaranmışdı ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, təbiət bir o qədər tez isinər.
Üçüncü olaraq isə yel çərşənbəsi gəlir. Bu isə oyanmış suyu və odu hərəkətə gətirir.
Dördüncü sırada gələn torpaq çərşənbəsi axır çərşənbə kimi də adlandırılır. Bu zaman isə torpaq oyanır və insanlar əkin-biçin işlərinə başlayırlar”.
Məhz od çərşənbəsinə xas olan hansı inanclar var ?
“Od çərşənbəsində ocaqdan od vermək düzgün hesab edilmir. Ocaq istisini sevənin od-ocaqlı olacağı deyilər.
Eyni zamanda bu çərşənbədə ocağı boş qoymaz və şər vaxtı söndürməzlər”.
Od çərşənbəsi ilə əlaqədar olaraq hansı adət qədim zamanlardan günümüzə qədər aşınaraq, öz xüsusiyyətini dəyişib ?
“Od çərşənbəsində tonqal daha hündür və gur qalanmalıdır. İnsanlar odun ətrafına toplaşaraq, onun qüdrətini ehtiva edən nəğmələr oxunur. Adətə görə bu çərşənbədə insanlaq qalanmış tonqal üstündən üç dəfə tullanaraq, xəstəliklərdən azad olur, azar-bezarlarını tonqalda yandırırlar. Bu adətlərə isə hazırda tam şəkildə əməl olunub-olunmaması isə sual doğuran məqamdır.
Od çərşənbəsinin qədimdə belə bir gözəl adəti də olub ki, qohumlar, qonşular yasda olan ailənin həyətində tonqal qalamaqla həmin ailəni yasdan çıxarardılar”.
Od çərşənbəsində mütləq şəkildə nələrə əməl etmək lazımdır ?
“Od çərşənbəsinin mahiyyətində odu insanın hər cür pislik və şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunurdu. Buna görə də insanlar tonqalı həyətdə, darvaza ağzında qalamalıdırlar ki, pis ruhlar və qara qüvvələr ailələrinə daxil olmasın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB