Xalq artistinin sənət dostları onun haqqında belə danışdı - SORĞU - FOTOLAR

Bu gün dünyasını dəyişən Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilib. İlk öncə məşhur aktyorun yaxınları onun Yeni Yasamalda yerləşən evinə toplaşıb. Ailəsinin verdiyi məlumata görə aktyor ötən gün 23:00 da radələrində həyatını itirib. Onun nəşi yaşadığı evdən alqış sədaları altında yola salınıb. Ramiz Novruz "Qurd qapısı" qəbirstanlığında dəfn olunub. SİA xalq artisti ilə bağlı onun sənət dostları arasında sorğu keçirərək fikirlərini öyrənib.

Ramiz Novruzun qardaşı Maksud Novruzov: “Ramiz heç vaxt ölümü yaxın buraxmırdı. O ölümü heç vaxt sevindirmədi və həmişə özündən uzaq tutdu. Başını ölümün qarşısında dik tutdu. Son nəfəsinə qədər dedi ki, “Heç bir şeyim yoxdur”.

Sonuncu tamaşası zamanı dedi ki, “Lazım gəlsə lap əlil arabasında çıxıb oynayacağam”. O sənətə bu qədər vurğun idi. Ramizin teatrsız həyatı yox idi. Hətta həkimin təkidlərinə baxmayaraq işə gedib gəlirdi.

Mənə vəsiyyət etmədi. O ölümü qəbul etmirdi ki, vəsiyyət də etsin. Ən çox bacımız oğlunu sevirdi. Balalarına bu qədər vurğun adam çox azdır. Gözəl balaları var və onun yolunu davam etdirəcəklər".

Ramiz Novruzun oğlu aktyor Cavidan Novruz: “Sonuncu dəfə mənə göz qırparaq əla göstərdi. Dedi ki, hər şey yaxşı olacaq.

Atam xərçəng xəstəliyindən əziyyət çəkirdi. Komaya düşdü və ayılmadı”.

Aktrisa Dilarə Əliyeva: “Ramiz müəllim deyirdi ki, filmlərdə alınmayan kadrları verirlər, guya ki, o birilər alınıb. Demək olar ki, hamı ilə əlaqəni kəsmişdi. Neçə dəfə zəng vurmuşdum, zəng çatmamışdı. Amma sonra mesaj gəlirdi ki, şəbəkəyə qayıdıb, amma heç vaxt geri dönüş etmirdi.

Ramiz Novruz yumor hissi olan insanları da çox sevirdi. Çox təəssüf edirəm ki, Ramiz müəllim kimi böyük sənətkarımızı itirdik. Sözləri deyirəm, amma qulaqlarım dediklərimə inanmır. Ramiz müəllim həmişə mənim yadımda zarafat edən, gülən üzü ilə qalacaq. Bayaq gələndə də yolda yadıma düşdü ki, hər dəfə görəndə nəsə zarafat etməyə çalışırdı. Yumor hissi olan insanları da çox sevirdi. Belə bir söz deyirdi ki, ay Dilarə, fikir vermisənmi, seriallarda, filmlərdə axırda alınmayan kadrları verirlər, guya ki, o birilər alınıb. Bir də deyirdi ki, bir gün qarğa ağzında pendir ağacda oturur. Görür ki, tülkü yaxınlaşır, deyir ki, indi gəlib deyəcək, sənin gözəl sözün var, mənə komplimentlər edəcək, mən də axırda onun komplimentlərinə inanacam, "qarr” edəcəm, ağzımdan pendir düşəcək, tülkü pendiri götürüb gedəcək. Tülkü yaxınlaşıb qarğanın ağzına vurur, pendiri götürüb gedir, deyir, qısaldıblar?” Yəni belə zarafatları, sözləri var idi. Deməyi gülməyi sevirdi. Ona görə də, xəstəliyini, son zamanlar çox zəifləməsini də insanlardan gizlədirdi. Qəbri nurla dolsun. Çox heyif ki, belə sənətkarlar nadir hallarda teatra, ekrana gəlirlər, başımız sağ olsun”.

Rejissor şair Kənan MM: Ramiz Novruz mədəniyyətimizdə, kinomuzda iz qoyan ustadlardan olub. Bu acı xəbəri eşidən kimi bura gəldik. Ramiz müəllimin əmisi oğlu ilə dostam, həm də biz onunla birgə eyni serialda rol almışıq. Bayaq telefonda şəkillərə baxırdım, qucaqlaşan yerdə şəkillərimiz var, həqiqətən də bir ata oğlunu qucaqlayır. Nə yaxşı ki, onu tanımışam, mədəniyyətimizdə, kinomuzda iz qoyub, ustadımız olub. Azərbaycan dili dünyanın ən zəngin dilidir. Amma insan həqiqətən danışanda bilmir ki, fikrini necə çatdırsın. Heyif, o yaşda, o karizmatiklikdən. Hamıya aid etmirəm. Cavan aktyorlar bəzən yaşlı nəsil aktyorlar tərəfindən qınanır. Bu insan isə cavanlara yalnız dəstək olurdu. Allah rəhmət etsin".

Xalq artisti Hacı İsmayılov: “Xalq artisti Ramiz Novruzun həyatını itirməsi hər birimizi və onunla bir səhnəni bölüşən həmkarlarının qəlbini incidir. Ramiz Novruzun xatirəsi daim qəlblərdə yaşayacaq. Azərbaycan mədəniyyəti və teatr sənəti üçün çox böyük itkidir. Xalq artisti Ramiz Novruzun həyatını itirməsi hər birimizi və onunla bir səhnəni bölüşən həmkarlarının qəlbini incidir. Razim böyük yaradıcılıq dövrü keçib, tamaşaçıların sevgisini qazanıb. Bu isə hər kəsə müvəffəq olmur. Azərbaycan Dövlət Dram teatrının rəhbəri Azərpaşa Nemətovun və bütün kollektiv adından hər kəsə dərin hüznlə başsağlığı veririk. Ramiz Novruzun əziz xatirəsi bizim qəlbimizdə daim yaşayacaq".

Xalq artisti, teatr aktyoru Rafiq Əzimov: “Ramiz Novruz Azərbaycan teatrının böyük incilərindən biridir. O, öz qələmini sınamışdı. Bir çox tədbirlərdə onun əsərləri nümayiş olunurdu. Doğrudan da mən fəxr edirdim ki, Azərbaycanda belə aktyor var, hansı ki, həm də dramaturq kimi özünü sınayıb. Onun "Hələ sevirəm deməmişlər" qələmindən çıxdığı əsər uzun illər bizim teatrın səhnəsində dönə-dönə göstərilir. Mən yalnız onu deyə bilərəm ki, bu gün səhər başsağlığı verəndə də yazdım ki, böyük sənətkarlarımızı itiririk. Çox doğru deyiblər ki, böyük sənətkar yaranır az-az, hər yerdə hər zaman inci tapılmaz. Ramiz Novruz o incilərdəndir ki, bizim qəlbimizdə daim yaşayacaqdır. Əzizlərinə başsağlığı veririk. Allah onun övladlarını qorusun. Oğlu Cavidan bizim teatrda oynayır. Yaxşı rolları var. Çox sağ olun. Allah rəhmət etsin”.

Xalq artisiti Sabir Məmmədov: “Azərbaycan xalqı, tamaşaçısı və izləyicisi üçün Ramiz kimi aktyoru itimək çox ağırdır. Ramiz kimi aktyorun yetişməsi üçün illər lazımdı. Xəstəliyinə gəldikdə deyə bilərəm ki, biz bu xəstəliyin sonunu bilirdik. Amansız xəstəliklə mübarizə apardığını bilməyən Ramiz, xəstəliyin başlanğıcında nikbin idi. Ancaq xəstəliyini biləndən sonra o da xəstəliyi ilə barışdı. Allah rəhmət eləsin. Azərbaycan səhnəsi Ramizi itirdi”.

Əməkdar artist Elşən Rüstəmov: "Tez-tez teatrın yanında həmişə aktyorların əyləşdiyi yerə gələrdi. Sonuncu dəfə orada gördüm. Dedim ki, Ramiz müəllim teatra gedirsizsə, yolu keçməyə kömək edim. Dedi, yox, avtomobilinə tərəf yollandı. Onda hiss etdim ki, Ramiz müəllimin vəziyyəti pis idi, xəstələnib.

Təxminən 1 ay əvvəl idi. Bizim kollektiv mütəmadi olaraq ona zəng edirdi. Səhhəti ilə bağlı Ramiz müəllim çox nikbin insan idi. Həmişə bizə ürək-dirək verirdi ki, hər şey yaxşı olacaq, gəlib tamaşalar oynayacam. Həm istəmirdim əhvalımız korlansın. Ancaq nikbin idik ki, gələcək və nə vaxtsa bu səhnəni yenidən bölüşəcəyik. Elə mərhələlər olurdu ki, doğrudan sağalırdı, müalicə alırdı. Bizdə də ümid yaranırdı ki, Ramiz müəllim gələcək, yaxşı olacaq.

Sonra yenə deyilirdi ki, Ramiz müəllimin səhhəti yaxşı deyil. Sonra elə bir vəziyyətə gəldi ki, belə oldu. Azərbaycan teatrı böyük aktyoru, insanı itirdi. Xüsusilə də gənc aktyorlara qarşı çox həssas idi. Bizim hər tamaşamıza baxırdı, sonra müzakirə edirdi. Nə çatışmırdı, nə yaxşı idi, onu deyirdi, kiçik uğurumuza da sevinirdi.

Yadımdadır ki, Prezident mükafatına layiq görüləndə birinci zəng edən o oldu. Ürəkdən, sevinclə təbrik etdi. Hətta sonradan eşitdim ki, mükafat aldığım açıqlanmamışdan əvvəl dostlarına zəng edib ki, görəsən, Elşən mükafat aldı, ya yox. Ramiz müəllimlə çox xatirələrimiz var. Çox təəssüf ki, hər şey yarımçıq qaldı. Çox səmimi, gözəl insanı itirdik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə