Kimdir günahkar: müəllim, rüşvət, yoxsa formal tədris?...

Müəllim və rüşvət... İki əks qütb, iki əks ifadə. Amma təəssüf ki, bu iki əks ifadə uzun on illiklərdir ki, bir az gizli, bir az açıq şəkildə davam edir. Reallıq isə dəyişmir: müəllim şagirdinə bilik əvəzinə rüşvətlə qiymət yazır, ona veriləcək “hədiyyəyə” görə onunla davranır. Ən yaxşı halda müəllim öz biliyini parta arxasında oturan şagirdinə deyil, dərsdən sonra müəllimin pullu məşğələsinə qatılan şagirdinə ötürür!, vəssalam. Düzdür, rüşvət məsələsi tam əksər müəllimlərimizə şamil olunmur. Çünki nə yaxşı ki, müəllimlik qürurunu, müəllim müqəddəsliyini qəpik-quruşa dəyişməyən DƏYƏRLİ MÜƏLLİMLƏRİMİZ az deyil. Amma orası da var ki, biliyə deyil, rüşvətə üz tutanların cərgəsi də azalmır ki, daha da çoxalır.

Bir dəqiqə, bir dəqiqə, xahiş edirəm heç kim qılıncını çəkib üstümə bozarmasın, əttökən stereoitiplərin arxasına sığınmasın. Deyəcəklər ki, fakt göstər. A kişi, fakt elə hər gün, hər saat uşağı məktəbdə oxuyan valideynlərin yaşadıqları iztirablar, fakt real həyat!

Bəs müəllimin biliyə deyil, birbaşa rüşvətə sarılmasının ƏSL SƏBƏBİ NƏDİR?
Gəlin elə bunu araşdıraq. Bunun dərin və məntilqi səbəbləri var. Bütün səbəblər də bir-birinə zəncir kimi bağlıdır. Sözsüz ki, ilk növbədə, ağıla gələn ilk səbəb müəllimin əmək haqqının dolanışığa yetməyəcək qədər az olmasıdır. Müəllim evdəki ailəsinə, körpə balasına gün yaşatmayacaq qədər ağır dolanışıq içində çabalayırsa, hətta bəzən pulsuzluqdan övladının üzünə baxa bilməyəcək qədər xəcil duruma düşürsə, o zaman ondan bilik tələb etmək, söyüd ağacından cürbəcür təamlı meyvələr gözləmək kimi boş bir xəyaldır. Müəllim tox, müəllim ağayana yaşamalıdır ki, biliyini pula satmasın, gələcəyin AZƏRBAYCANLISINA qürurla yaşamağı, bilikli şəxsiyyət kimi formalaşmağı öyrətsin. Ac müəllim qılınca yox, xalqın gələcəyinə çapar ay xalqım!!!

Bu gün məktəblərdə acınacaqlı vəziyyət hökm sürür. Müəllimə aylıq “nəmər” uzatmayan uşaqlar gözümçıxdıya salınır, valideynlərin dili ilə desək, pul verməyən uşaq psixoloji olaraq “sındırılır”. Söhbət aylıq “dolyalar”dan gedir. Mən ad günləri, bayramlardakı “şagird paketlərini” demirəm. Mən hər ay şagirdin müəllimə çatdıracağı “hörmət dinarından” danışıram. Bu, təəssüf ki, belədir və milli qüsurlarımızdan sayılan həqiqəti gizlədib, özümüzü görməzliyə vurmaq “ustalığımız” bu məsələdə artıq keçərli deyil!!! Çünki məsələ böyük bir xalqın gələcəyindən gedir. Həqiqətləri görməzdən gəlib, yalanların arxasında gizlənmək vərdişimiz sabahımızı məhv edəcək. Xüsusilə, təhsildə yalan arxasında gizlənməyin sonu dəhşətli müsibətlər gətirir, ay camaatım!

Bu cəmiyyətdə yaşayan hər kəs əlinin içi kimi bilir ki, məktəblərdə dərin rüşvət “ənənəsi” var və bu fakt neçə onilliklərdir ki, davam edir. Bu rüşvət mexanizmi neçə-neçə nazirin zamanında cücərə-cücərə bugünkü nazirin qarşısında dərin xərçəng kimi boylanıb dayanıb. Bu məsələ bir nazirin dərkənar əmri ilə ortadan qalxacaq qədər yüngül bir iş deyil. Rüşvət artıq genetik olaraq orta məktəb siniflərində və müəllim heyətinin gündəlik şüurunda yerləşibsə, demək, bu məsələdə bütün cəmiyyət ayağa qalxmalıdır. Məktəbdə rüşvət məsələsi həm də bir xalqın ölüm-qalım məsələsidir.

Bilən bilir ki, bu cür rüşvətli “biliklərlə” uzağı beş-on il sonra bizi yüz Qarabağ faciəsindən daha dəhşətli faciələr gözləyir. Rüşvətlə “oxuyan” həkim, müəllim, texnoloq, hətta gələcəyin pinəçisi. Daha sonra həmin rüşvətin davamı olaraq üz-gözündən danqanaq yağan, “iki eşşəyin aprasını bölmək” qabiliyyətində olmayan kütbeyin, yalançı “alimlər” sürüsünün min virusdan daha təhlükəli həşarat kimi cəmiyyəti başına alıb getməsi.....

Amma son illər artıq müəllimin şagirdin biliyinə deyil, cibindəki pulun “böyüklüyünə” göz qoyması təkcə dolanışıq məsələsi də deyil. Rüşvət artıq idarəolunmaz nəfs məsələsinə çevrilib və qarşısıalınmazdır. Sanki adət edilmiş və getdikcə ixtisaslaşan “biznesə” çevrilib şagirdin cibinə boylanmaq vərdişi.
Təəssüf ki, əmək haqqının az olması, dolanışıq dərdi nə qədər qınanılırsa, biliyə deyil, şagirdin “səxavətlisinə” qiymət verməyə qurşanan bir çox müəllimlər də müəllim qürurunun və şərəfinin qara ləkəsinə çevrilir. Bu, faktdır və təəssüf ki, bu məsələ bu gün daha təhlükəli hal alıb.

Həm də min təəssüf ki, bu gün məktəbdə dövlətin tədris proqramı məcburi və lazımsız icraatdan başqa bir şeyə yaramır. Çünki dərs zamanı biliyini şagirdinə ötürməli olan müəllim, dərsini “yola verib” əsas biliyini dərsdən sonra onun yanına təşrif buyuran şagirdlərə saxlayır. Dərsdən sonra gəl pulunu ödə, əsl biliyini al, vəssalam. Oxumaq istəyən üz tutur müəllimin evdə açdığı ikinci “məktəbə”. Orta məktəb proqramı da “vaxt öldürmək” kimi lazımsız bir zaman itkisidir, başqa heç nə.

“Repetitor” anlayışı orta məktəblərdəki tədris proqramını artıq kölgədə qoyub. Artıq mükəmməl təhsil üçün tək ünvan var: REPETİTOR, vəssalam! Bu isə o deməkdir ki, məktəblərdəki dövlətin tədris proqramı havayı yerə milyonları külə çevirməkdir. Onsuz da müəllim aldığı qəpik-quruş əmək haqqı müqabilində öz biliyini məktəbdəki şagirdinə deyil, evdə açdığı ikinci məktəbə gələn imkanlı uşaqlara saxlayacaq. Əslində, artıq müəllim də ABŞ-da, bir sıra Avropa ölkələrində olduğu kimi intellektual resurslarını biznes kimi satmağa başlayıb. Repetitor xidməti buna əyani sübutdur. Məktəbdə də dərs deyən həmin müəllimdir, əlavə məşğələ keçib pul qazanan da elə həmin müəllimdir. Eyni beyin, eyni bilik anbarı. Bəs onda orta məktəblərdə keçirilən formal tədris proqramı kimin nəyinə gərəkdir? Məktəblərimizdə real faciəli durum yaranıb. Artıq əməli addımlar atılmalıdır, yoxsa onsuz da xaos içində batan məktəbləri xilas etmək mümkünsüz hala çevriləcək. Çıxış yolu nədir bəs: müəllimin əmək haqqını repetitor xidmətində qazandığı qədər artırmaq, rüşvətə qarşı amansız tədbirlərə əl atmaq, yoxsa formal orta məktəb proqramına “əlvida” demək? Hər halda bir yerdən başlamaq lazım olacaq. Yoxsa gec olacaq, lap gec...

Bütün xəbərlər Facebook səhifəmizdə