…Son günlərin ən məşhur və qalmaqallı mövzusu olan "Daş yuxular" romanı müəllifinin yalan, böhtan, iftira və nifrət dolu mahiyyətilə bərabər bir çoxlarının da simasını gün işığına çıxardı. Necə deyərlər "yağış yağdı, çatlaqlar göründü". Sözün bütün mənalarında…

Roman haqqında fikirlərimi yazmışam. Amma məni Əkrəmin bu üzdəniraq əsərinin doğurduğı və doğuracağı nəticələr qədər və bəlkə ondan da çox narahat edən başqa məsələlər var.

…Güncdə-bucaqda daldalanıb Azərbaycan xalqına, onun tarixinə, mənəvi bütövlüyünə, milli hədəflərinə, milli istiqlal təfəkkürünə, dünyagörüşünə, əxlaqi dəyərlərinə savaş açan, millətimizə, onun Azərbaycan davasına qənim kəsilən və bütün bu naqisliklərini "müasirlik", "beynəlmiləlçilik", "solçuluq" və s. kimi ictimai rəyə sırımağa çalışan "çatlaq"ları nəzərdə tuturam. Belələri dönüklüklərinə, dəyişkən və saxta mahiyyətlərinə — ayıblarına lal olub susmaq əvəzinə sosial şəbəkələrdə, ayrı-ayrı internet portallarında Millətin üzərinə kin püskürür, Azərbaycan xalqının taleyüklü məsələləri ilə bağlı vətəndaş mövqeyi nümayiş etdirən insanları aşağılamaqdan belə çəkinmirlər.

Qondarma adlar altında statuslar, şərhlər yazır, toplumun onsuz da tarıma çəkilmiş əsəblərini tarıma çəkir, azacıq çətinə düşən kimi isə saxta profilləri kimi yoxa çıxırlar.

Necə ki, İctimai TV-də təşkil olunmuş debat öncəsi bir göz qırpında "buxarlandılar". İctimai TV Əkrəm Əylisliyə də, onun gətirdiyi xəyanət havasına züy tutanlara da, ilk gündən "Daş yuxular" təxribatına qarşı əks mövqedə dayananlara da bərabər şərait yaratdı… Amma sosial şəbəkələrdə, internet səhifələrində meydan sulayan bu "qəhrəmanlar" özlərində azacıq da olsa cəsarət tapıb, səyəsində önə çıxmaq, fərqlənmək, yeni qrant layihələri qazanmaq istədikləri "Daş yuxular" rəzalətinin müzakirəsinə qatılmadılar.

Son anda telefonlarına zəng çatmadı…

…Əvəzində isə yenidən saxta adların, qondarma imzaların və …himayəçilərinin arxasında gizlənib öz mövqelərini açıq şəkildə ifadə etməkdən çəkinməyən insanlara "adqoyma" yarışına çıxdılar.

Bunlara görə, Azərbaycanın ərazi bütövlüyü, Türk Dünyası, Bütöv Azərbaycan… haqqında danışan, millətin özünümüdafiə, özünüqoruma instiktini ayaqda saxlayan, toplumu imperialist güclərin "qloballaşma" adlandırdığı assimilyasiya və təslimçilik siyasətinə qarşı səfərbər edənlər "qondarma vətənpərvər", "vətənşüvən"lərdi…

Onlar isə… bəşəri dəyərlərə sahib olan "dünya vətəndaşları"…

Öz yazılarında məşhur filosofların, yazarların… əsərlərindən və aforizmə çevrilmiş fikirlərindən nümunələr gətirməklə, mənsub olduqları, yaxud olmadıqları hegemon və qurucu millətin dəyərlərinə meydan oxumaqla daha üstün mədəniyyətin daşıyıcısı olduqlarını görüntüləməyə çalışırlar. Məhz görüntüləməyə!

…Bekon, Sartr, Monteskye, Hegel, Kamyu, Niçşe, Kafka, Volter, Hüqo, Dostoyevski, Tolstoy, Hemenquey, Markez… Hə, nə olsun? Böyük yazıçıların, filosofların adlarını sadalamaq, əsərlərindən və fikirlərindən iqtibaslar gətirmək, kitabla yatıb-oyanmaq intellekt göstəricisi deyil. Şəxsiyyətə, əxlaqa söykənməyən intellektin varacağı son nəticə isə anonizmdir. Yəni, intellektual anonizm… Qısır, yaradıcı olmayan, yaxud yaratdığı belə dağıdıcı olan intellektuallıq.

Ortalıqda konkret bir mənzərə var: Çeşidli ideyalar arasında vurnuxan, nəinki mənsub olduğu milləti, xalqı, yaxud etnik qrupu və onun dəyərlərini, hətta valideynlərini belə inkar edən, əsilsiz-köksüz, dinsiz, imansız, əqidəsiz… bir azlıq və onların seçim etmədən "vətənşüvən"likdə, "qondarma vətənpərvər"likdə ittiham etdiyi çoxluq…

Sual oluna bilər: Məgər bu ölkədə qondarma vətənpərvərlər, insanların patriatik duyğularından öz mənafeləri üçün istifadə edən, ən gözəl hissləri, ən müqəddəs sözləri pafoslu ritorikaya çevirib dəyərdən salanlarlar yoxdur? Əlbətdə ki, var! Amma belələrinin mövcudluğu o demək deyil ki, insanlar gerçək vətənsevərliyin təməlini təşkil edən hissləri ürəklərindən qoparıb atmalı, mənsub olduqları millətə, onun dəyərlərinə arxa çevirməlidirlər. Kəsəsi, mənə görə saxta vətənpərvərliklə, mənafe milliyyətçiliyi ilə imansız, köksüz, dönük, qısır, təkəbbürlü intellektuallığın heç bir fərqi yoxdur. Toplumun ümumi mədəni səviyyəsinin aşağı olduğunu görüb ondan üz döndərmək, imtina etmək ən yaxşı halda aşırı təkəbbür, xüdbəsəndlik əlamətidir.

İyirminci əsrin əvvəllərini yada salaq: Məgər həmin dövrdə toplumun ümumi mədəni səviyyəsi indikindən yüksək idi? Yox təbii ki, aşağı idi, həm də dəfələrlə… O zaman nədən Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Nəsib bəy Yusifbəyli…, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Cavid Əfəndi və adlarını sadalamadığım, nəinki yaşadıqları zaman kəsiyi, hətta bütün dövrlər üçün intellektuallıq nümunəsi sayılan bu insanlar xurafatçı, savadsız, müti, ələbaxan çoxluqdan imtina etmədi, əksinə sonunədək əzilmiş, sındırılmış, özünə inam hissi məhv edilmiş bir kütlədən millət formalaşdırdılar və onun üçün heçdən bir bayraq, heçdən bir dövlət yaratdılar.

Millətindən, dinindən imtina etməyə, bir toplumun yüzillər boyu tapındığı dəyərləri ayaq altına alıb ondan üz döndərməyə nə var ki? Döndün, bitdi, getdi… Xüsusilə müasir dövrdə, torpaqları dünyanın böyük güclərinin himayə etdiyi minsifətli, xəyanətkar, mənəviyyatsız, böhtançı, saxtakar bir xalq tərəfindən işğal edilmiş bir millətdən, onun yüzillər boyu tapındığı dəyərlərdən üz döndərmək çox asandı. Çünki qarşı tərəfdən sənə dərhal qucaq açacaqlar. Dönüklərin sayını artırmaq, millətin dirəniş hissini qırmaq, onu təslimçi sülhə sürükləmək, aşağılamaq, parçalamaq və assimilyasiya etmək üçün…

…Əkrəm Əylislinin "Daş yuxular" romanına qarşı toplumun, xüsusilə də bölgədə və dünyada baş verən ictimai-siyasi prosesləri təhlil edib nəticə çıxarmağı bacaran insanların kəskin reaksiya vermələrinin səbəbini də burada axtarmaq lazımdır. Pis nümunə həmişə yoluxdurucu olur…

…Son olaraq özünü "solçu", "beynəlmiləlçi" adlandırıb, əslində isə bir yeniyetmə hikkəsi ilə Əkrəm Əylislinin "Daş yuxular" əsərinin müdafiəsinə qalxanların nəzərinə bir neçə məqamı çatdırmaq istəyirəm:

Siz nə solçusunuz, nə də beynəlmiləlçi… Mövcudluğunuz isə sadəcə göz önündə olan gerçəkliyin inkar edilməsi və daha asan yolla — azlıqda qalıb fərqlənmək, seçilmək texnologiyası üzərində qurulub.

Çünki ailələri və onların təşkil etdiyi cəmiyyətləri parçalamaqla dünyanın təbii resursları üzərində nəzarəti həyata keçirmək, millətlərin mövcudluğunu təmin edən dəyərləri dəyərdən salmaqla onları əritmək, dillərini ölü dilə, mədəniyyətlərini ölü mədəniyyətə çevirmək istəyən güclər bunun üçün sözün bütün mənalarında AZLIQLARIN xidmətlərindən yararlanırlar…

Bütün xəbərlər Facebook səhifəmizdə