Maraqlıdır, həm də çox maraqlıdır ki, biz nə üçün dünən tikdiyimizi bu gün sökürük. Həm də sökülmə ilə bağlı ortaya elə arqumentlər qoyuruq ki, bişmiş toyuq bizə gülüb lağ edir. Məsələn, şəhərimizin Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində tikilən keçidin sökülməsi və sökülmə səbəbləri kimi.

Dünəndən sosial şəbəkələr dağılır ki, bəs həmin keçid sökülür. Sosial şəbəkələrdə hara üz tutursansa, adıgedən keçidin fotoları, videoları ilə qarşılaşırsan. Həmin fotolara və videolara əsasən, artıq tikilinin bir hissəsi dağıdılıb.

Bu keçidin sökülməsi şəhər sakinlərinin ürəyincə oldu. O mənada ki, keçidin fəaliyyəti şəhər sakinlərin narazılığına səbəb olmuşdu. Sakinlər keçidin həm lazımsız yerdə inşa edildiyini, həm də üçmərtəbəli olduğu üçün çıxıb-düşməyin çətinliyini bildirirdilər. Buna görə də sakinlər sevinirlər. Bu məsələnin bir tərəfi...

Keçək məsələnin digər tərəfinə ki, xəbər agentliklərimizin yaydığı məlumatlarda qeyd olunur ki, keçidin tikilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazə, eləcə də Bakı Nəqliyyat Agentliyindən razılıq verilməyib. Maraqlıdır, həm də xeyli gülməlidir, ona görə ki, bəs görəsən bu keçidin tikilməsinə kim icazə veribmiş. Belə çıxır ki, gəlib icazəni sakinlərdən alıblar? Sakinlər də razılıq veriblər? Tikiləndən sonra görəndə ki, keçid ərazidəki səkiləri xeyli daraldır və şəhərdə hərəkət üçün narahatlıq yaradır, deyiblər ki, bu nə iş idi başımıza gətirdik?

Həqiqətən gülməlidir, nə üçün? Bir qədər də bu barədə. Bildiyimizə görə, şəhərdə hər hansı bir tikilinin rəsmiləşdirilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsindən nümayəndələr ayrılır. Onlar gəlib ilkin olaraq əraziyə baxırlar. Qurumun adından da göründüyü kimi, ölçürlər-biçirlər, əgər müvafiqdirsə, onun tikilməsi ilə əlaqədar gələcəkdə heç bir problem ortaya çıxmayacaqsa və yaxud da ərazidə həmin tikiliyə həqiqətən ehtiyac olduğu təsdiq edilərsə, daha yuxarı qurumlar həmin tikilinin reallaşmasına razılıq verir. Beləliklə də işlər başlanır.

Ta bu keçidin məsələsi kimi yox. Elə bu səbəbdən də keçid dünəndən bəri gülməli bir lətifəyə çevrilib. Şəhərin mərkəzindəki üçmərtəbəli bu keçid tikilərkən görəsən hansı qurum Şəhərsalma və Arxitektura Komitəsindən icazə alıb, o da verməyib? Bəlkə sakinlər yığışıb gedibmişlər komitəyə? Yaxşı, sakinlər deyilmiş, bəs görəsən kim imiş gedib icazə alan və icazəsi qəbul edilməyən? Bəs Şəhərsalma və Arxitektura Komitəsi necə, yəni heç bu tikilini görmədi, heç demədi ki, axı bunun icazəsini biz verməmişdik. Eləcə də Bakı Nəqliyyat Agentliyi. Agentlik heçmi bu keçidin tikintisini görmədi? Xatırlamadı ki, axı bu keçidin tikilməsinə razılıq verməmişdik. Həqiqətən, gərək danışanda da elə söz danışasan ki, gülməli alınmaya.

Hə, elə bu yerdə böyük şairimizin gözəl misralarını xartırlamamaq mümkün deyil: Səndən ötən mənə dəydi, məndən ötən sənə dəydi, səndən, məndən ötən zərbə Vətən, Vətən, sənə dəydi. Keçidin tikilməsindən Şəhərsalma və Arxitektura Komitəsinin, daha sonra Bakı Nəqliyyat Agentliyinin, yəqin ki, aid icra hakimiyyətinin də xəbəri olmayıb. Sakinlərin tikmədiyinə əmin olduğumuz üçün soruşuruq, bəs kim tikib? Şəxsi tikili olmadığı üçün bəs keçidin tikilməsinə kim razılıq verib, həmçinin də vəsait. Deməli, öz-özünə tikilib. Öz-özünə tikilən bu keçid hazırda sökülməkdədir. Bəs görəsən keçidin tikilməsinə vəsait hansı təşkilat tərəfindən ayrılıbmış?

Vallah, vəsaitdən söhbət düşəndə adam lap qəhqəhə çəkmək istəyir. Çünki heç olmasa anlayırıq ki, icazəsiz, vəsaitsiz hər hansı bir tikili reallaşa bilməz. Belə olan yerdə adam bir qədər də ürpənir. Deyirsən bəlkə bu keçidi cinlər, şeytanlar gecə ilə inşa ediblər. Yəni cin, şeytan dövrünə qayıdırıq?

Bismillahir-rəhmanir-rəhim deyib, o fikirlərdən uzaqlaşanda isə düşünülən sadəcə bunlar olur: Bəs yaxşı, bu qədər vəsait hara getdi? Hara gedəcək ki, havaya uçdu. Hara getdi, bilmirik, bildiyimiz odur ki, şairin misralarındakı kimi, səndən ötən, məndən ötən o vəsait dövlətin büdcəsindən çıxıb və geri qayıtmayacaq. İsraf olub getdi. Aid qurumlar isə bax bunun cavabını verməlidirlər ki, bu vəsait hara getdi?

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə