Cənubi Qafqazda siyasi “şahmat” oyunu: Qərb-Rusiya KÖŞƏDAR

Rusiyanın Qarabağa atdığı “desantı” – cinayətkar oliqarx, “dövlət naziri” Ruben Vardanyan qondarma “dqr”in separatçı “prezidenti” Araik Arutyunyan tərəfindən istefaya göndərildi. Bununla da Vardanyanın, daha dəqiq desək, Kremlin Azərbaycanın suveren ərazilərini Ermənistan hakimiyyətinə keçmək üçün tramplin qismində istifadə edilməsi planı da iflasa uğramış oldu. Əbəs deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayırdı ki, Qarabağın erməni icması ilə hər hansı danışıqların aparılmasının əleyhinə deyil, lakin Vardanyan kartının ortaya atılması bu mümkünlüyü də heçə endirirdi. Üstəlik, Avropanın, bütövlükdə isə Qərbin Rusiya ilə mövcud münasibətlərini də nəzərə alsaq, Azərbaycan Prezidentinin qeyd edilən fikirləri dəstəklənmişdi. Hətta belə də deyə bilərik ki, Vardanyanın proseslərdən kənarlaşdırılması tələbinin önə sürülməsi və Kremlin buna məcbur edilməsi Avropanın Azərbaycana tərəf atdığı münbit addımı oldu.

Lakin o da sirr deyil ki, Vardanyanın (Kremlin) planları bir neçə hissədən ibarət idi. Onun birinci planı iflasa məruz qaldı, ancaq ikinci planı isə istefaya göndərilməsinə rəğmən, Qarabağda qalacağı barədə dediyi fikirləridir. Təbii ki, bu amil də Bakını qane etmir. Bəs digər proseslər hansı proqnozları irəli sürməyə imkan verir?

Məlumdur ki, Avropa öz jandarmlarını Ermənistanın Azərbaycanla şərti sərhədlərinə göndərib və bu fakt da Kremli ciddi şəkildə narahat etməyə başladıb. Ancaq bu xüsusda Ermənistanın baş naziri Nikol Paşinyan da dərk etməlidir ki, Rusiya onun maraqlarına qarşı edilən xəyanəti əsla bağışlamayacaq. Bəs Kreml başqa nə edə bilər?

Ehtimal var ki, Ruben Vardanyan Ermənistana tərəf hərəkətə başlayacaq. O, “vəzifədə” olarkən kifayət qədər özünün piar və reklamını aparıb. İndi isə əlində olan bütün imkan və vasitələrini Ermənistanın xeyrinə sərf etməyə başlayacaq. Artıq Rusiyadakı erməni diasporu da mövcud məsələdə fəaliyyətə keçiblər. Onların öz adamlarının Ermənistanın rəhbəri olması arzuları Kremlin istəyi ilə üst-üstə düşür. Bu zaman daha bir sual yaranır: Paşinyan elə-belə öz hakimiyyətini təhvil verməyə hazırdırmı? Təbii ki, əsla. Hətta bu qeyri-mümkündür. Küçə jurnalisti Paşinyan nəinki getmək fikrində deyil, onun qanuni yolla devrilməsi planları da demək olar ki, sıfır həddindədir – Qərb buna heç vaxt imkan verməz.

Paşinyan da əlbəttə ki, boş oturmayıb. Aİ jandarmeriyasının Ermənistana gəlişindən sonra onun Azərbaycanla şərti sərhədlərdə təxribatlara əl atması planları deyəsən icra olunmağa başlayır. Son hadisələr də artıq bunu sübut edir. Təbii ki, Azərbaycan da boş dayanmayacaq və bir təxribata onqat cavab verməli olacaq – bu, Azərbaycanın bütün mənalarda hüququdur!

Avropanın, yaxud Qərbin isə öz hədəfləri var. Nə qədər ki, siyasi “şahmat” oyunu davam edəcəksə, həmin lövhədən vardanyanlar, arutyunyanlar adlı peşkalar tökülməyə başlayacaqlar. Ortada qalanlar, əzilənlər isə, artıq bütün bunlardan bezmiş adi erməni xalqı olacaq. Bu səfər Qərb onlardan maksimum istifadə etmək imkanını əldə edib....

Bütün xəbərlər Facebook səhifəmizdə