2023-cü il qonşumuz, dostumuz və qardaşımız Türkiyə üçün uğursuz bir səhifə açdı. Yanvar ayını başa vurub yeni ilin ikinci ayına qədəm qoyan Türkiyəni fevralın 6-sı böyük bir fəlakətlə qarşıladı. Türkiyə yarım aydır ki, matəm içərisindədir. Mərkəzi Kahramanmaraş olan 10 şəhərdə-Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis və Elazığda yaşanan 7,7 və 7,6 bal gücündə zəlzələ minlərlə insanın həyatını nöqtələdi. Minlərlə insanın sağlığını əlindən aldı.

Minlərlə insan günlərdir ki, xəstəxanalarda ölüm-qalım savaşı edir. Minlərlə insan evsiz-eşiksiz qalaraq sığınacaqlara sığınıb. Minlərlə uşaq hələ də nə baş verdiyini dərk etməyərək sadəcə isti yuvasını, isti ana qucağını axtarır.

Fevralın 20-də isə Türkiyə Hatayda yenidən daha iki zəlzələ ilə üz-üzə qalıb. Mərkəzi Defnə şəhəri olan və 6,4 bal gücündə zəlzələdən sonra Samandağda 5,8 bal gücündə zəlzələ olub. 3 dəqiqəlik fasilələrlə baş verən zəlzələlər bir çox şəhərdə güclü şəkildə hiss olunub. Dağıntılar var. Bu zəlzələlərdə isə 6 nəfərin həyatını iitirdiyi, yaralıların sayının 294-ə yüksəldiyi, 18 nəfərin vəziyyətinin ağır olduğunu bildirir.

Türkiyədə zəlzələ zəlzələ ardınca türk qardaşlarımızın həyat düzənini dağıdır. Günlərdir, itirdikləri əzizlərinin dağ-düyününü qəlblərində gəzdirərək həyata davam edən, həyəcan, təşviş, qorxu içində yaşayan, qışın şaxtalı-soyuqlu bu günlərini sığınacaqlarda qalmalı olan insanların yeni bir zəlzələni yaşamalarının onlar üçün necə ağır olduğunu düşünərkən adam dəhşətə gəlir.

Əsrin fəlakəti olan bu zəlzələlər nəticəsində ölənlərin sayı 41 mini , yaralananların sayı isə 108 000-i ötüb. Bu qədər itkinin, yaralının bir ölkə üçün nə qədər ağır olduğunu düşündükcə adam donub yerindəcə qalır. Bu rəqəmlərin arasında həyatdan silinən ailələr var. Bu rəqəmlərin arasında valideynlərindən hər ikisini və ya birini itirən minlərlə uşaq var. Bu rəqəmlərin arasında həmin gün ailə quran və toyunun hələ bir günü tamam olmayan ailələr var. Bu rəqəmlərin arasında minlərlə yarımçıq qalan, nakam talelələr, minlərlə yenicə göyərməyə başalayan, lakin üzərinə tonlarla ağır daşlar uçub-tökülən arzular var.

Həqiqətən böyük fəlakətdir. Bu fəlakət insanları çətinliklərlə üzləşdirdiyi kimi, həm də onların üzərinə böyük məsuliyyət qoyur. Bax, sonuncu zəlzələ zamanı birinci zəlzələdə zədə almış binalardan əşyalarını götürərək dağıntılar altında qalıb həyatını itirənlər var. Baxmayaraq ki, onlara xəbərdarlıq eşilmişdi, həmin binaların hər zaman uça biləcəyi bildirilmişdi, lakin bəzi insanlar bunu dinləməmiş, əşyalarını götürərkən həyatlarını itirmişlər. Lakin gərək belə etməzdilər. Çünki heç bir dünya malı həyatdan şirin deyil. Onları sonra da işləyib, pul toplayıb yenidən almaq olardı. Lakin həyatın itirilməsi tək insanın özünün məhvi deyil, həm də əzizlərinin məhvidir, onların göz yaşı, qəm-qüssəsi, bir ömür unuda bilməyəcəyi ağrı-acısıdır.

Zəlzələ zəlzələ ardınca qardaş Türkiyəmizə kədərli günlər yaşatmaqdadır. Allahdan istəyək ki, bu zəlzələlər sonuncu olsun. Axı bu xalq günlərdir ki, acı içərisindədir. Bu zəlzələlər nəticəsində itirilənlərin yerinin doldurulması üçün illər lazımdır.

Səninləyik TÜRKİYƏ! Bu günlərdə hər an Azərbaycan səninlədir. Kədərin kədərimizdir. Allah bu kədəri son kədərin etsin, Türkiyəm. İtirdiyin minlərlə vətəndaşın üçün, basın sağ olsun.

Türkiyə var olsun. Həmişə var olsun ki, vətəndaşının hər zaman arxasında olsun.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə