Nikolun axmaq başı: qarabağlı ermənilərinə “miatsum təbriki” KÖŞƏDAR

Belə görünür ki, Ermənistanın sülh danışıqları prosesində artıq ənənəvi qaydada nala-mıxa döyəcləməsi, həmin prosesi müxtəlif cəhdlərlə uzatmaq marağı növbəti silahlı eskalasiyanın, daha dəqiq desək, Ermənistanın özünün siyasi məhvinin işartılarını göstərməkdədir. Və bu mümkün ehtimal özünü Qarabağın Azərbaycandan qopardılaraq Ermənistana “birləşdirilməsi ideyasının qüvvəyə minməsinin 35-ci ildönümü” ilə bağlı Nikol Paşinyanın Qarabağ ermənilərinə göndərdiyi müraciətində də sübut edir. Yəni fakt budur ki, “miatsum” adlı hələ də tam kəsilib-atılmamış kor bağırsaq tandemi öz qüvvəsində qalmaqdadır!

Və təbii ki, burada başqa cür düşünmək də olmur – istənilən bu kimi cəhdlərin davamı müharibə anonsunu verməkdədir. Niyəsi isə hələ 2020-ci ilin payızından məlumdur. Bu gün Qarabağ ermənilərinə təbrik müraciəti göndərən də həmin Paşinyandir ki, 2020-nin yayında - Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” tipli sərsəm bəyanat səsləndirmiş, 44 günün nəticəsində isə ABŞ-ın İrəvandakı səfirliyinin bunkerinə gizlənmişdi. Bəli, illər keçsə də Nikolun bilərəkdən nümayiş etdirdiyi axmaqlığı hələ də onu müşayiət etməkdədir. Bəlkə də o elə düşünür ki, ölkəsinin sərhədlərini eyni anda həm Rusiyaya, həm də Aİ-nin yarımhərbi missiyasına həvalə edibsə situasiya dəyişib və Azərbaycan Ordusu onun axmaq başına yeni və daha sərt qapaz ilişdirməyəcək, amma yanılır, özü də çox!

Əslində, situasiya dəyişilməyib, dəyişən həmin situasiya fonundakı şərtlərdir. Azərbaycanın Silahlı Qüvvələri daha da güclənib və yeni çağırışlara cavab verəcək qədər imkanlara sahib olub. Halbuki, erməni ordusu öldürülmüş və hələ də yerdən götürülməyən bir vəziyyətdə qalmağa davam edir. Ola bilər ki, Ermənistanın sərhədləri onun öz əlində deyil, bu sərhədlər gah Aİ-nin, gah Fransanın, ABŞ-ın, gah Rusiyanın, gah da İranın maraqlarına ayrı-ayrılıqda xidmət göstərir, amma bu, o demək deyil ki, Azərbaycanın yerdə qalan torpaqları bundan sonrakı 30 il müddətində də həmin vəziyyətdə qalmağa davam edəcək. Xeyr, bu cür düşünə bilən yenə də Paşinyan və onun axmaq başıdır.

Bəli, Azərbaycan Ordusu hər an öz sözünü deməyə hazırdır və istənilən anda, hətta bircə göz qırpımında ölkəmizə yaranacaq istənilən təhdidi kökündən aradan qaldıra bilər, fəqət bu məsələdə əsas güc və təşəbbüs bizlərin – jurnalistlərin, vətəndaş cəmiyyəti institutlarının da üzərinə düşür. Bizlər öz narrativlərimizi, mövqeyimizi ardıcıllıqla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Bunun üçün KİV-lər, də QHT-lər də gecəli-gündüzlü çalışmalıdırlar. Ola bilər ki, ekoaksiyanın keçirildiyi məntəqəyə zaman-zaman xarici jurnalistlər, siyasətçilər səfərlər etsinlər, amma bunun mütəmadiliyini saxlamaq, ardıcıllığını qorumaq inanın ki, çox vacibdir. Təkcə 70 gündən artıqdır ki, keçirilən uğurlu ekoaksiya bizlərin dövlətçilik maraqlarımız üçün çox əhəmiyyətli bir hadisədir və bu hadisənin daha böyük ərsəyə gətirilməsi üçün cəhdləri intensivləşdirmək ehtiyacı yaranır.

Nikolun “artsax xalqına müraciətinə” gəldikdə isə, o öz axmaq və belə görünür ki, heç vaxt ağıllanmayacaq başında danılmaz gerçəkliyi yerləşdirməlidir – nə Fransa, nə İran, nə Rusiya, nə Aİ, nə Avropa Parlamenti, hətta Hindistan belə onu və ölkəsini xilas etməyəcəklər, edə də bilməyəcəklər!

Bütün xəbərlər Facebook səhifəmizdə