Naxçıvanda anti-korrupsiya tədbirləri niyə siyasiləşdirilir? – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Bir neçə gündür ki, mediada Naxçıvanla bağlı ziddiyyətli xəbərlər yayılır. Sosial şəbəkələrdə spekulyasiyalar və dezinformasiyalar baş alıb gedir. Bəzi qüvvələr məqsədli şəkildə prosesləri siyasiləşdirməyə və başqa don geyindirməyə çalışır. Əslində isə, məsələ iqtisadi xarakterlidir. Məlum olduğu kimi, bir müddətdir ki, respublikada anti-korrupsiya tədbirləri güclənib. Paytaxt Bakı da daxil olmaqla bütün regionlarda korrupsiyaya qarşı mübarizə aparılır və bu kontekstdə korrupsiya əməli törədən məmurlar cəzalandırılır. Təbii olaraq, Naxçıvan bölgəsi də istisna deyil. Azərbaycan qanunları və dövlət siyasəti bütün regionlar kimi, Naxçıvana da aiddir və heç bir istisna ola bilməz.

İndiyədək, bütün ölkə üzrə korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər və həbslər olub. Lakin onların heç birində məsələ siyasiləşdirilməyib. Eyni proses Naxçıvanda aparılanda nədənsə bəzi qüvvələr oretalığa düşüb ağlına gələni uydururlar və mediada yayırlar. Bu iddiaların da heç bir əsası yoxdur və heç bir fakta söykənmir.

Araşdırmalar göstərib ki, Naxçıvana gətirilən mallarda külli miqdarda gömrükdən yayınma halları var. Bu yayınma isə, dövlətin, yəni xalqın pulunun bəzi şəxslərin cibinə yönəlməsi deməkdir. Bu, əlbəttə ki araşdırılmalı və cəzası verilməli idi. İlk araşdırmada söhbət 130 milyon manatın mənimsənilməsindən gedir, amma şübhə yoxdur ki, korrupsiyanın miqyası daha böyükdür.

Bundan başqa, hər il Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən 500 milyon manat civarında dotasiya ayrılır. Muxtar Respublikanın öz büdcə gəliri isə 180 milyon manat civarındadır. Bu, əlbəttə, doğru göstərici ola bilməz, çünki bu rəqəm bir rayonun iqtisadi gəlirləri qədərdir. Naxçıvanda isə 1 şəhər və 7 rayon var. Adi məntiqlə yüz milyonlarla vəsaitin mənimsənildiyi aydın olur.

Naxçıvanın 2021-ci il üçün büdcənin icrasına dair açıqlanan rəqəmlərdən məlum olur ki, həmin il ərzində muxtar respublikanın büdcəsinin gəlirlərinin 21.6 faizini və ya 31,4 milyon manatını gömrük ödənişləri təşkil edib. Göründüyü kimi, dövlət büdcəsinə ödənilən gömrük haqqından xeyli çox məbləğ mənimsənilib.

Naxçıvan blokada şəraitində yaşadığından oraya həmişə xüsusi diqqət, qayğı olub və çox sayda güzəştlər tətbiq edilib. Lakin görünən odur ki, bəzi məmurlar bundan şəxsi məqsədləri üçün istifadə edirlər. Naxçıvanda aparılan quruculuq və abadlıq işlərinin, muxtar respublikanın ölkənin ən abad regiona çevrilməsi, dövlətin bu regiona göstərdiyi yüksək qayğının nəticəsidir. Lakin özünüidarə hüququndan bir qrup məmurun öz məqəsdi üçün istifadəsi yolverilməz idi və cəzalandırılma da olmalıdır. Burda qəribə heç yoxdur. Heç bir tədbir görülməməsi qəribə olardı.

Hər bir halda, yüz milyonlarla dövlət cəsaitinin mənimsələnilməsi üzrə araşdırma aparılır və bunu edənlər cəzalandırılırsa, bu müsbət bir haldır və alqışlanmalıdır. Buna baxmayaraq, bəzi müxalif dairələr bu işi təqdir etmək əvəzinə tənqid edirlər və saxta məlumatlar yayaraq məsələni kontektsdən çıxarmaqla müəyyən qüvvələrə xidmət edirlər.

Bu il Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən Milli Fəaliyyət Planında bu istiqamətdə daha şəffaf və daha çevik mexanizm yaradılacağı və korrupsiyanın aradan qaldırılması üçün ciddi tədbirlər görülməsi nəzərdə tutulmuşdur. Artıq bu fəlaiyyət planı üzrə işlər sürətlənib.

Son əməliyyatlar onu göstərdi ki, bir sıra məmurların səlahiyyətlərindən sui-istifadə edərək həyata keçirdikləri korrupsiya əməllərinin qarşısının alınması istiqamətində ciddi addımlar atılır.

Qısa müddətdə xeyli dövlət orqanında korrupsiya faktının üstü açılıb, dövlət vəsaitlərinin mənimsənilməsinin qarşısı alınıb, proses davam edir və edəcək. Cənab Prezidentin dediyi kimi, heç kimin toxunulmazlıq hüququ yoxdur və hər kəs dövlətə və xalqa qarşı etdiklərinə görə cavab verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə