Yüzlərin içində özümü tapan rəhbər (Portret cizgiləri)

Hikmət Malik oğlu Xəlilov 1977-ci ildə Masallı rayonunun Köçəkli kəndində anadan olub. Ayrı-ayrı vəzifələrdə çalışıb, hal-hazırda Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisidir. YAP Masallı Rayon Təşkilatının Şura üzvüdür.

... Dan yeri söküləndən Hikmət müəllimin maşının şəhərin küçələri ilə hərəkət edir. Çünki başçılıq etdiyi kollektivin üzvlərinin iş günü hamıdan tez başlanır. Qaranlıq işıqla növbələşdiyi vaxt gecənin rəngi seyrəldiyi, alışıb alovlanmağa təzə başalayan ocaq kimi nura, işığa tapındığı vədə onlar küçələrin sükutunu pozurlar təmizlik, səliqə-sahman yaradırlar. Onların ayaq izlərindən sonra küçələr də canlanır. Gecənin sakitliyinə həzin bir titrəyiş, canlanma gəlir.

Bu estafet şəhər boyu davam edir. Küçələr və prospektlərin, park və meydanların “başına sığal çəkildik”cə, onlar yeni səliqədə, sahmanda cilvələnir. Necə ki, yağış bağ-bağatı yuyub, təmizləyir, təbiətə yeni nəfəs gətirir, xidmət işçilərinin gündəlik zəhmət və qayğısından sonra hər yer səliqəli görünür, baxanda insanda xoş ovqat yaradır. İnsanların işi texnikanın küçələrdə zəncirvari düzülüşü digər müəssisələrdə iş başlayanda qurtarır. Amma həmin o vaxt Hikmət müəllimin kabinet həyatı başlayır.

Bir stəkan çay içməyə macal tapmamış qəbuluna gələnlər qapıda cərgə yaradır. Axı, rəhbərlik etdiyi müəssisədə yüzlərlə insan çalışır. Hər birinin də qayğısı, problemi, deməyə, danışmağa sözü var...

Onların içərisində elələri var ki, yuxarıda tutacağı Ulu Tanrı, aşağıdan tutacağı isə Hikmət müəllimdir.

Hər birinin də öz qayğısı, yeniliyi:

Birinin oğlunun toyudur...

Digərinin qızının nişanı...

Üçüncünün övladı universitetə qəbul olunub...

Əsgərlikdən gəlib...

Ad günüdür...

Xeyir xəbərlərin əks qütblərində olanlar da baş verir.

Həyatın qanunudur bu. Sevinci, fərəhi də Hikmət müəllimlə bölmək istəyirlər, qəmi, kədəri də ...

Axı insan qəlbinə yaxın hissləri yaxın adamına açır. İş üçün müraciət edənlərdən tutmuş, texnika üçün ehtiyat hissələri, yanacaq almaq üçün gələnlərədək. Bayram və tarixi günlərdə işçilərə verilən ərzaq məhsulları, mükafatları ölçmək, tərəziyə qoymaq, manatla ifadə etmək istəmirəm. Bunlar da çox olur. Elə ölçü-biçiyə gətirəndə insanları razı salır Hikmət müəllim. Hərənin bir qayğısı olur. Qayğılar da ki, insanı bəzən güman etmədiyi yerdə yaxalayır.

İnsanların daxili aləminə nüfuz etmək, ən kiçik qayğılarından, problemlərinə kimi xəbər tutmaq, hər kəsin xislətində olmur. Neçə-neçə idarə müdiri tanıyırıq ki, bu hisslərdən asiman qədər uzaqdır. Bu qayğılar isə Hikmət Xəlilovun istiqanlığından, cəmiyyətə nüfuzundan, marağından, başlıcası soykökündən irəli gəlir.

Atası- el ağsaqqalı Hacı Malikin elədikləri, öyüdü, nəsihəti, vəsiyyəti ilə canına, qanına keçirib Hikmət müəllimin. Bir vaxtlar onun da qapısına ümidlə gələrdi insanlar. Köçəkli və ətraf yeddi parça kənddən “canını dişinə tutub” müalicə olunmaq üçün yanına gələrdilər. Dava-dərmana belə pulu olmayanlar Malik dayının ünvanını tapardılar. Onları üzürhaxlıq etməyə qoymazdı. “Dayı” dediyin nədir, pul-para barədə danışdığın nə? Dava-dərmanı olan xəstəni hər təbib sağalda bilər. Hünər odur, təbib özü dava-dərman alsın”. Çoxlarının ehtiyac olanda qabağına düşüb Masallı Rayon Mərkəzi Xəstəxanasına, Bakıya aparardı...

Ömür dəyişir, atanı övlad əvəz edir. İnsanlara münasibət dəyişmir. Ata comərdliyini isə övlad davam etdirir.

Hİkmət Xəlilovun stolunun üstündəki qeyd dəftərlərində çoxlu ad-soyadlar, onların mürəciətləri ilə bağlı qeydlər var. İnsanların xahişləri vaxtaşırı yerinə yetirilir, canlandırılır...

Bu, rayon rəhbərinin tapşırıqları, bu gündəlik iş planları, cari işlər, gələcək vəzifələr. Həyat rəngarəngliyi, qaynarlığı ilə maraqlıdır.

- Növbə kimindir gəlsin,- deyə katibəyə müraciət edir Hikmət müəllim.

- Daha qəbula gələn qalmayıb...

Hə, biri var axı. İndi yadına düşür. Bu, Hikmət müəllimin özüdür. Özünün də özünə sözü var. Lakin iş vaxtı qurtarır. Qoy öz işi sabaha qalsın.

- Kimi axtarırsan, Hikmət Xəlilov?

- Özümü – Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Hikmət Xəlilovu!

- Tapa bildinmi?

- Özümü tapmaq üçün insanları axtardım, onların həyatını araşdırdım, müraciətlərini imkan daxilində yerinə yetirdim... və özümü tapdım. Mənə elə gəlir ki, rəhbərin ən böyük mükafatı öz işçilərinin və ona müraciət edənlərin arzusunu çin etməsidir. Belə olanda rəhbər özünün tapır.

Rəsul RZAYEV,

Masallıda çıxan “Yeni həyat” qəzetinin Baş redaktorunun müavini.

Bütün xəbərlər Facebook səhifəmizdə