Bu da rəhmətlik su cuvarı Şükür kişinin kəlamlarındandır. O zaman biz uşaq idik, onun kəlamlarının qiymətini anlaya bilmirdik. Amma zaman keçdikcə, dünyanın gərdişini anladıqca, rəhmətliyin kəlamlarının da əsl mahiyyətini anlamağa başladıq. Sadə peşə adamı olsa da, o kişinin dediyi hər bir kəlamdakı fəlsəfi yükün çəkisi heç də dünya şöhrətli filosofların fikirlərindən geri qalmır. Şükür kişi deyərdi ki, xaltasız itdən qorxmayın, ay uşaqlar, ona dəyməsən, sənə toxunmaz. Amma xaltalı itdən qorxun. Çünki onun sahibi var və səndən xoşu gəlməsə, üstünə qısqırdıb özü duracaq kənarda. İt də “balta”nı alıb ağzına, cumacaq adamların üstünə. Ən pisi isə bu xaltanı onun boynuna səndən xoşu gəlməyən birinin keçirməsidir. Şükür kişi bunu deyəndə, uşaq təfəkkürü ilə bizə elə gəlmişdi ki, söhbət, sadəcə, itdən, onun adamı qapmasından gedir. Anlamadığımız da o idi ki, it də əlinə balta alarmı? Sən demə, o rəhmətlik alleqorik misal deyibmiş.Yəni bəzi-bəzi insanların və insan toplularının boynuna xalta keçirib, kimlərsə salır ortaya, əlinə bir balta verir, deyir ki, baltala onu. İndi bizimlə zorla qonşu etdirilən hayların və onlara bənzəyən ələbaxan müxalif siyasilərimizin (yəni, el arasında deyildiyi kimi, sapı özümüzdən olan baltaların) fəaliyyəti mənə rəhmətliyin bu kəlamını xatırlatdı. Lətifəsi “ham-ham” edən bəzi müxalifət oyunbazlarımıza inanaraq, sürüyə qoşulan sadə adamlardan uzaq, hayların və belə adamların əməllərini xalqa izah etmək üçün Şükür kişinin bu kəlamına istinad etməkdən yaxşı bədii vasitə tapa bilmədim. Amma bu hayların da, bəzi müxaliflərimizin də, ən böyük bəlası odur ki, Qərbdəki maraqlı zatların (oxu: zatıqırıqların) verdikləri “yal”ı horuldadıb, onların “xalta”larını boyunlarına taxıb hürürlər. Əllərinə verilən “balta”nı da, ağalarının göstərişi ilə qaldırır və onların göstərişi ilə də endirirlər. Haylar cəhənnəm, bizdən olub (ən azı, sənədlərə əsasən), özünü siyasi müxalifət adlandırıb əllərinə “balta” alaraq, özününküləri “baltalamaq” həvəsinə düşən, özgə yalı ilə qarnını doyurub, özgə “xalta”sını boyunlarına keçirən zavalsızlar hələ də millətə vurduqları zərərin hayların vurduğu zərərdən az olmadığının fərqində deyillər.

Kim məni qınayacaqsa, qınasın. Onsuz da, haqlını qınamağı özünə peşə edəcək, haqsıza dəstək verməkdə maraqlı olanlar həqiqəti anlamaqda maraqlı olmurlar. Amma biz özümüzə borc bilrik ki, həqiqəti çılpaqlığı ilə bağıraq. Bağıraq ki, hələ də kar olan qulaqlar açılsın və hələ də zəhərlənmiş beyinlərin “katarzis” olunmasına yardım olunsun. Ölkədə gedən, tarixdə analoqu olmayan nəhəng quruculuq işlərini görmürlər, ya da görməzdən gəlirlər, özləri bilsinlər, daha bu ölkəyə (iqtidara yox a...,məhz ölkəyə, millətə və dövlətə) bu qədər çamır atmaq nə deməkdir? Gah Əli deyilən bir zatı bilinməz çıxır, özü kimi Qərbin “yal”ını içib, “xalta”sını boynuna salan televiziya kanalında bağırır ki, ay dadi-bidad, qoymayın, bu iqtidar milli abidələrimizi dağıdır. Milli abidələrimizin ən ali səviyyədə əzəmətli bərpa layihələrinin ard-arda həyata keçirildiyi bir zamanda,”xalta”nı boynuna salanların sifarişi ilə ölkəni “baltalamaq” istəyi hay xislətinin eynisi deyil bəs nədir? Və yaxud 90-cı illərdə başqa bir ölkədə çəkilmiş, sosial şəbəkələrdə nümayiş etdirilmiş bir fotoşəkli Azərbaycanda yeni şəkilmiş bir foto-şəkil kimi təqdim edib, həm də cırıq qaloşlu kişini azərbaycanlı şəhidin atası kimi təqdim etmək eynən hayların istifadə etdikləri iyrənc üsullarla həmahəng səsləşmirmi? Ölkə başçısı sərəncam verib iki milyondan çox əməkçisinin maaşını birdən-birə nə az, nə çox, 40 faiz artırır, buna da don geyindirmək üçün variantlar axtarırlar. Bu yerdə adam istəyir... Xülasə, misallar çoxdur, amma belə şeylərə vaxt sərf etməyə, sadəcə, həvəs yoxdur. Bəs əlac nədir? Ermənilərlə bərabər bu dövlətə və millətə “balta” çalmağa çalışanların nazı ilə çoxmu oynamalıyıq? Bu yerdə də Şükür kişinin təklifi var. Məşhur itlə karvan haqqındakı məsələ əməl etməyi tövsiyə edərdi. Amma deyəsən, bu dəfə biz karvanımızı sürə-sürə bu boynu “xalta”lı, əli “balta”lı zümrələrə əməlli-başlı dərs də verməli olacağıq. İstər hay olsun, istər də bizdən olan zatı bilinməz, fərq etməz. Bu millətə zərər vuran hər kəs millətdən layiqli zərbə almalı olacaq. Əgər “xalta”larını boyunlarından, “balta”larını əllərindən yerə salmasalar, o zərbəni hökmən dadmalı olacaqlar.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...