"Azərbaycan xalqının qəhrəmanlığı yaddaşlardan heç vaxt silinməyəcək" - ŞƏRH EDİLDİ

"Böyük Vətən müharibəsi adlandırılan savaşın sona çatmasından, faşizm üzərində Sovet xalqlarının əldə etdiyi qələbədən 79 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqı xüsusi rol oynayıb. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputatın sozlərinə görə, bu tarix dünyanın siyasi təqvimində bəşəriyyətin gələcəyinə ciddi təhdidlər, real təhlükələr yaradan bir mürtəce ideologiya üzərində əldə edilmiş bu qalibiyyət, əslində, bəşəriyyətin zəfər triumfudur: “Bu gün qürurla və iftixarla qeyd edirik ki, çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı faşizm üzərində qələbəyə müstəsna töhfələr verib. 600 mindən çox soydaşımız Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək unudulmaz qəhrəmanlıq dastanı yaradıb.

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında yaxından iştirak ediblər. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Müharibədə Azərbaycan neftçilərinin əməyi əvəzsizdir. Azərbaycandan olan hərbçilərin və neftçilərin, ümumilikdə Azərbaycan xalqının qəhrəmanlığı və qorxmazlığı faşizm üzərində qələbədə mühüm rol oynamışdır. Bütün dünya Azərbaycan xalqının cəsarətinin və qəhrəmanlığının şahidi olmuşdur. Hətta Sovet İttifaqı Marşalı Georgi Jukov da bunu etiraf edərək qeyd etmişdir ki, Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi. Bunlar tarixi faktlardır və eyni zamanda neftçilərimizin əməyinə və zəhmətinə verilmiş yüksək qiymətdir.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 9 May - Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsinə başlanıldı. 1994-cü ildən etibarən faşizm üzərində tarixi qələbənin il dönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Bu gün də bu siyasət dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün həmin müharibənin iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və Ulu Öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür. Prezident İlham Əliyevin 1941-1945-ci illər müharibəsi haqqında söylədiyi fikirlər bunları deməyə əsas verir. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə