"Azərbaycan böyük beynəlxalq tədbirlərin təşkilatçısı kimi müsbət imic qazanıb" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Sammitdə insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

O bildirib ki, COP abbreviaturası “Tərəflərin Konfransı” mənasını verir: "“Tərəflərin Konfransı” İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının həyata keçirilməsinə nəzarət edən ali qanunverici orqandır. 198 ölkə Konvensiyanın iştirakçısıdır.

COP29 konfransının keçirilməsini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı hesab etmək olar. Bu missiyaya uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” elan edilmişdir. Azərbaycan öz əməli fəaliyyəti ilə ölkənin “yaşıl” enerjiyə verdiyi önəmi sübut edir. Məsələn, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmağı hədəfləyir.

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən biridir. Energetika Nazirliyinin məlumatına görə, ölkənin texniki bərpa olunan enerji potensialı quruda 135 GVt, dənizdə isə 157 QVt təşkil edir. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 GVt, o cümlədən külək enerjisi - üç min meqavat, günəş enerjisi - 23 min meqavat, bioenerji potensialı - 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat qiymətləndirilir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin Konfransı iqlim dəyişikliyi ilə mübarizədə son dərəcə mühüm və dünyada ən əlamətdar hadisələrdən biridir. Şərqi Avropa Qrupu ölkələrinin yekdil qərarı ilə Azərbaycanın konfransın növbəti sessiyasının keçiriləcəyi yer seçilməsi ölkəyə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq böyük beynəlxalq tədbirlərin təşkilatçısı kimi müsbət imic qazanıb. Bu hadisə bütün dünyaya sübut edəcək ki, Azərbaycan təkcə neft-qaz ölkəsi deyil, həm də “yaşıl” iqtisadiyyata prioritet sahə kimi böyük önəm verir.

COP29-un Bakıda keçirilməsi Azərbaycanın dünyada nüfuzunun daha da artırılmasına və ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə birbaşa və maneəsiz çatdırılmasına güclü təkan verəcək. Avrasiya məkanında coğrafi baxımdan Şərqlə Qərb arasında körpü rolunu oynaya biləcək ölkələrin sayı kifayət qədərdir. Onların bəziləri ərazilərinə görə Azərbaycandan dəfələrlə böyük, təbii ehtiyatlarına görə ölkəmizdən dəfələrlə zəngindirlər. Lakin Şərqlə Qərb arasında siyasi, iqtisadi və mədəni körpü rolunu oynamaq, dünyanı çoxsaylı təhdidlər qarşısında qoyan çağırışlara qarşı bəşəriyyəti həmrəyliyə çağırmaq, humanizm prinsplərini, mədəniyyətlərarası dialoqu təşviq etmək missiyası Azərbaycanın qismətinə düşüb və liderlərimizin 1993-cü ildən etibarən həyata keçirdikləri siyasət ölkə ərazisini geostrateji körpüyə çevirə bilib".

Onun sözlərinə görə, Bakının təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri, sivilizasiyalararası dialoqun və humanizim dəyərlərinin təşviqi istiqamətində gerçəkləşdirilən və ildən-ilə əhəmiyyətini daha da artıran təşəbbüslər qlobal miqyasda ölkəmizin nüfuzunu daha da artırıb, Azərbaycanın bütün dünyada qlobal məsuliyyətinə, öhdəliklərinə xüsusi həssaslıqla, prinsipiallıqla yanaşan etimadlı dövlət obrazının formalaşmasına zəmin yaradıb: "Ölkəmizin istər Qoşulmama Hərəkatı, istər İslam Konfransı və Türk Dövlətləri təşkilatları, istərsə də BMT çərçivəsində irəli sürdüyü təşəbbüslərin dəstək qazanmasının səbəbini də əsasında əməli, ardıcıl, sistemli fəaliyyət dayanan etimadlı münasibətdə, Prezident İlham Əliyevin həyata keçirdiyi sistemli, ardıcıl, bəşəri dəyərlərin qorunmasına, sülhün, əminamanlığın təmin olunmasına xidmət edən siyasətdə axtarmaq lazımdır.

Azərbaycan, təkcə özünün deyil, bütövlükdə bəşəriyyətin, qütbləşmənin ağır nəticələri altında əzilən ölkələrin qarşılaşdıqları problemlərin yaranma səbəblərini kifayət qədər yaxşı bildiyi, ikili standartların ən aqressiv nümunələrini öz təcrübəsində “sınaqdan keçirdiyi” üçün qütblər, maraqlar və fərqli baxışlar arasında dialoq körpüsü missiyasını yerinə yetirməklə bəşəriyyətin taleyi barəsində maraqları bir kənara qoyaraq, birgə düşünmək startegiyasını təqdim edir. Bu baxımdan, Azərbaycanın irəli sürdüyü təşəbbüslər də qütblərarası ziddiyyətlərin dərinləşdiyi, beynəlxalq təhlükəsizlik mexanizmlərinin sıradan çıxdığı, ətraf mühitin qorunmasının ən önəmli amilə çevrildiyi, yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün yeni baxış bucağına və təşəbbüslərə ehtiyac duyulduğu bir zaman kəsiyində təqdim etdiyi ən optimal humanitar, siyasi, iqtisadi və mədəni platformalar, sülhə, təhlükəsizliyə körpü salan yol xəritələridir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə