“Mayın 25-də prezident seçkiləri istənilən halda keçiriləcək”

“Mayın 25-də prezident seçkiləri istənilən halda keçiriləcək”

Ukraynada prezident seçkilərinin ikinci turu lazım gəlsə, hətta bu seçkilərdə iştirak edən iki namizəddən biri mübarizədən çıxacağı təqdirdə keçiriləcək. Bu fikri Ukrayna Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Mixail Oxendovski səsləndirib.

O xatırladıb ki, təkrar səsvermə, yaxud, necə deyərlər, ikinci tur yalnız namizədlərdən heç biri mayın 25-də keçiriləcək səsvermədə iştirak edən seçicilərin səslərinin yarısından çoxunu toplamayacağı təqdirdə təyin olunur. Təkrar səsvermə bülleteninə mayın 25-də ən çox səs toplayan iki namizədin adı daxil ediləcək.

O deyib: "Onlardan biri iyunun 2-nə qədər öz namizədliyini geri götürsə, bülletenə şərti olaraq üçüncü yeri tutan namizədin adı daxil ediləcək. Namizəd öz namizədliyini geri götürməsi barədə ərizə versə və onun qeydiyyatı iyunun 2-dən sonra ləğv edilsə, təkrar səsvermədə yalnız bir namizəd iştirak edəcək".

Onun sözlərinə görə, ikinci turda səsvermə istənilən halda baş tutmalıdır.

M.Oxendovski deyib: "Ukrayna Prezidenti vəzifəsinə seçilmək üçün səsvermədə iştirak edən seçicilərin səslərinin 50 faizindən çoxunu toplamaq lazımdır. Əks halda seçkilər baş tutmamış sayılacaq."

O əlavə edib: "Belə bir risk nə dərəcədə realdır? Gəlin, bu suallara onlar ortaya çıxdıqca cavab verək".

Eyni zamanda MSK-nın başçısı növbəti dəfə əminlik hissi ilə bildirib ki, Ukrayna prezidenti seçkiləri mayın 25-də istənilən halda keçirilməlidir.

O deyib: "Mən həqiqətən də seçkilərin mayın 25-də keçiriləcəyinə, üstəlik, hər hansı vəziyyətdən asılı olmayaraq keçiriləcəyinə əminəm".

Sosioloji araşdırmalara görə, prezidentliyə namizəd Pyotr Poroşenkonun artıq seçkilərin birinci turunda qalib gəlmək şansı var.

Yuliya Timoşenko isə bir gün əvvəl bildirib ki, prezident seçkilərində qalib gəlməsə, Ukraynada "inqilabın üçüncü mərhələsi" mümkündür, çünki onun fikrincə, ölkəni böhrandan yalnız o çıxara bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə