Almaniyada vergi gəlirlərinin azalması dövlət borcunun artmasına səbəb olur

Almaniyada vergi gəlirlərinin azalması dövlət borcunun artmasına səbəb olur

Almaniya 2027-ci ildə xalis yeni borclanmanı 118 milyard avroya çatdırmağı nəzərdə tutur. Bu göstərici aprel ayında açıqlanan proqnozdan təxminən 7 faiz yüksəkdir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, borclanmanın artmasının əsas səbəbləri vergi gəlirlərinin azalması, faiz dərəcələrinin yüksəlməsi nəticəsində dövlət borcuna xidmət xərclərinin artması, həmçinin işsizlik müavinətləri ödəyən Federal Məşğulluq Agentliyinin əlavə maliyyə ehtiyaclarıdır. Hesablamalara əsasən, 2027-ci ildə dövlət borcuna xidmət xərcləri təxminən 40 faiz artaraq 42 milyard avroya çatacaq. Federal büdcənin gəlirlərinin isə 555 milyard avro səviyyəsində olacağı gözlənilir.

Maliyyə naziri Lars Klinqbayl və kansler Fridrix Merts bu həftə pensiya sistemi, səhiyyə və vergi siyasətini əhatə edən geniş islahat paketini təqdim ediblər. Nazirlər Kabinetinin bazar ertəsi 2027-ci il büdcəsi və islahatlar paketini müzakirə edəcəyi gözlənilir.

Hökumət artan xərcləri qismən subsidiyaların azaldılması, nazirliklərin xərclərinin məhdudlaşdırılması və alkoqol, tütün, plastik məhsullar üzrə aksiz vergilərinin artırılması hesabına kompensasiya etməyi planlaşdırır. Eyni zamanda, müdafiə xərcləri üçün nəzərdə tutulan 140 milyard avro və infrastruktur layihələrinə ayrılan 500 milyard avro ölkənin borclanma limitlərindən kənarda saxlanılıb.

Məlumata görə, iqtisadi islahatlar paketinə 34 təşəbbüs daxildir və onların əksəriyyətinin ilin sonunadək qəbul edilməsi planlaşdırılır. Sənədə əsasən, çox yüksək gəlir əldə edən şəxslər üçün gəlir vergisinin maksimal dərəcəsinin 45 faizdən 47 faizə qaldırılması nəzərdə tutulur. Orta təbəqə və ailələr üçün isə vergi güzəştlərinin genişləndirilməsi planlaşdırılır.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə