Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli beynəlxalq qurumun Cenevrədə yerləşən mənzil-qərargahında Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieldin Səlim Əhməd İbrahim ilə görüşüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Sudanda davam edən humanitar vəziyyət, bu vəziyyətin mülki müdafiə və fövqəladə hallara hazırlıq sahəsinə təsirləri, eləcə də BMMT-nin fəaliyyət istiqamətləri çərçivəsində ölkəyə göstərilə biləcək dəstək və əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb. Xüsusilə humanitar yardımın koordinasiyası, potensialın gücləndirilməsi, təlim proqramlarının təşkili, erkən xəbərdarlıq sistemlərinin inkişafı və mülki müdafiə sahəsində institusional imkanların möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin BMMT-nin cari fəaliyyət istiqamətləri, təşkilatda həyata keçirilən institusional islahatlar, fəaliyyət effektivliyinin və səmərəliliyin artırılması istiqamətində görülən işlər, eləcə də, təşkilatın qarşıdan gələn rəsmi iclaslarına hazırlıq prosesi ətrafında fikir mübadiləsi aparıb.
Baş katib görüş zamanı xatırladıb ki, cari əməkdaşlıq çərçivəsində 2025-ci il dekabrın 9-da Sudanın daxili işlər naziri Babeker Samra Mustafa Əli ilə də görüş keçirilib. Həmin görüşdə Sudanın humanitar ehtiyacları, eləcə də BMMT tərəfindən göstərilə biləcək dəstək istiqamətləri ətraflı müzakirə edilib. Bu baxımdan, bugünkü görüş əməkdaşlığın ardıcıl davamı kimi qiymətləndirilib.
Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, öz növbəsində, BMMT-nin humanitar sahədə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirərək, təşkilatla əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşün sonunda tərəflər Sudanda humanitar vəziyyətin yaxşılaşdırılmasına, mülki müdafiə potensialının gücləndirilməsinə və BMMT ilə Sudan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş birgə səylərin davam etdirilməsi barədə razılıqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB