Alimlər laboratoriya şəraitində süni hüceyrə yaradıblar

Alimlər laboratoriya şəraitində süni hüceyrə yaradıblar

ABŞ-nin Minnesota Universitetinin alimləri tarixdə ilk dəfə tamamilə cansız kimyəvi maddələrdən qidalanan, böyüyən və bölünə bilən süni hüceyrə hazırlayıblar. "SpudCell" adlandırılan bu yeni quruluş təbii hüceyrə olmasa da, canlı hüceyrələrin bəzi əsas funksiyalarını yerinə yetirə bilir və sintetik biologiya sahəsində mühüm nailiyyət hesab olunur.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alimlərin yaratdığı "SpudCell" nə bitki, nə də heyvan hüceyrəsidir. O, daha çox sadə bakteriyanı xatırladır. Cəmi 150-200 molekuldan ibarət olan bu prototip adi bioloji hüceyrələrdəki milyonlarla molekulla müqayisədə olduqca sadə quruluşa malikdir. Buna baxmayaraq, o, xaricdən verilən bakterial komponentlərlə qidalanır, təxminən hər 12 saatdan bir bölünür və beş nəsil ərzində çoxalma qabiliyyəti nümayiş etdirib.

"SpudCell" in öz ribosomları yoxdur, yəni zülalları özü istehsal etmir. Bölünmə prosesi də adi hüceyrələrdən fərqlənir. Süni hüceyrə, istehsal etdiyi zülalların hüceyrə membranına göstərdiyi təzyiq nəticəsində iki hissəyə ayrılır. Hazırkı vəziyyətdə o, tamamilə laboratoriya şəraitindən və xaricdən verilən qidalardan asılıdır. Bu səbəbdən laboratoriyadan kənarda yaşaya və çoxala bilmir.

Tədqiqat müəllifləri bildirirlər ki, məqsəd laboratoriyada yeni həyat forması yaratmaq deyil. Əsas hədəf canlı hüceyrələrin necə işlədiyini daha yaxşı anlamaq və gələcəkdə istənilən funksiyanı yerinə yetirə bilən proqramlaşdırılmış bioloji sistemlər hazırlamaqdır. Mütəxəssislər hesab edirlər ki, belə hüceyrələr gələcəkdə xərçəng müalicəsi, yeni dərmanların hazırlanması, karbon qazının tutulması və xüsusi kimyəvi maddələrin istehsalı kimi sahələrdə mühüm rol oynaya bilər.

Bununla yanaşı, alimlər sintetik biologiyanın etik və təhlükəsizlik məsələlərinin də diqqətlə tənzimlənməsinin vacibliyini vurğulayırlar. Onların fikrincə, gələcəkdə bu texnologiyanın təhlükəli məqsədlərlə istifadəsinin qarşısını almaq üçün beynəlxalq təhlükəsizlik standartları hazırlanmalıdır.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə