Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mesajında bütün xristian inanclı vətəndaşları Milad bayramı münasibətilə təbrik edib.
SİA-nın məlumatına görə, Ərdoğan bütün vətəndaşların öz mədəniyyəti, dini və adət-ənənələrini azad şəkildə yaşaya bilməsinin vacib olduğunu söyləyərək deyib: “Biz tariximiz boyu və bu gün də xalqımız arasında mənşəyinə, irqinə, dilinə, dini və məzhəbinə görə heç bir ayrı-seçkiliyin olmamasına böyük diqqət yetiririk. Bütün vətəndaşlarımızın öz mədəniyyət, din və adət-ənənələrini azad şəkildə yaşada bilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu dəyərlərin həyata keçirilməsi nəticəsindədir ki, coğrafiyamız münaqişədən, müharibədən, zülmdən qaçan hər kəs üçün təhlükəsiz sığınacaq olub.
Türkiyə regional münaqişələr və qeyri-sabitliklərin ortasında dinindən, inancından, etnik mənsubiyyətindən və məzhəbindən asılı olmayaraq, bütün vətəndaşlarının sülh, əmin-amanlıq içində, gələcəyinə inamla yaşadığı bir yerdir.
Ölkəmizdəki müxtəliflik bir sərvətdir. Gələcəyimizi bu gün və sabah da qarşılıqlı hörmətə uyğun olaraq birlikdə qurmağa davam edəcəyik.
Bütün xristian dünyasını, xüsusilə xristian vətəndaşlarımızı Milad bayramı münasibətilə təbrik edir, xoşbəxtlik və rifah arzulayıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə