İran hakimiyyəti may ayında 142 nəfəri edam edib

Bu, son səkkiz ilin ən yüksək göstəricisidir
İran hakimiyyəti may ayında 142 nəfəri edam edib

İran hakimiyyəti 2023-cü ilin may ayında 142 nəfəri edam edib ki, bu da 2015-ci ildən bəri bir ayda ən yüksək edam sayıdırə

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu İran İnsan Haqları təşkilatı bildirib.

Ümumilikdə, 2023-cü ilin əvvəlindən İranda 307 nəfər edam edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 76 faiz çoxdur. Bu ilin may ayında edam edilənlərin yarıdan çoxu (78 nəfər) narkotiklərlə bağlı cinayətlərə görə ölüm cəzasına məhkum edilib. Məhkumlardan ikisi küfrdə ittiham olunaraq edam edilib, daha dördü isə “yer üzündə korrupsiyanı yaymaq” ittihamı ilə edam ediliblər.

Hüquq müdafiəçiləri qeyd edirlər ki, edam hökmlərinin sayını artırmaqla İran hakimiyyəti “etirazların qarşısını almaq və onların hakimiyyətini uzatmaq üçün cəmiyyətdə qorxu toxumu səpməyə” çalışır.

Qeyd edək ki, onlar beynəlxalq ictimaiyyəti yaxın aylarda yüzlərlə yeni qurbanın qarşısını almaq üçün İran hakimiyyətinin hərəkətlərinə qətiyyətlə cavab verməyə çağırıblar.

İran İnsan Haqları və Ölüm Cəzasına Qarşı Birlikdə təşkilatının məlumatına görə, İran hakimiyyəti 2022-ci ildə 582 nəfəri edam edib ki, bu da 2021-ci illə müqayisədə 333 nəfər çoxdur. Eyni zamanda, hüquq müdafiəçilərinin də qeyd etdiyi kimi, 511 nəfərin hökmü açıqlanmadan həyata keçirilib və yalnız 71 nəfərin edam hökmü ilə bağlı İran hakimiyyəti rəsmi məlumat yayıb.

Hüquq müdafiəçiləri həmçinin ən azı 16 qadın və üç azyaşlı uşağın edam edildiyini də bildiriblər.

Yeri gəlmişkən, İran hakimiyyəti ölkədə baş verənlərlə bağlı hər hansı məlumatın dünya mətbuatına keçməsinin qarşısını almağa çalışır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə