COP29 Azərbaycan turizminə necə təsir edəcək? - EKSPERT DANIŞDI

"COP BMT-nin "İqlim dəyişmələri haqqında" Çərçivə Konvensiyası üzərində olan ali qərarların verilməsi üçün yaradılmış qurumdur. Aydın məsələdir ki, bu, tərəflərin konfransı anlamına gəlir və burada 198 ölkə təmsil olunur. 2023-cü ildə 195 ölkənin yekdil səs verməsi nəticəsində Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş konfransda qərar verildi ki, 2024-cü ildə konfransa Azərbaycan ev sahibliyi etsin. Nəzərə alsaq ki, bu vaxtadək ölkəmizdə keçirilən ən böyük tədbir Avropa Oyunları idi. Bu tədbir çərçivəsində 8 minə yaxın xarici nümayəndə ölkəmizə səfər etmişdi". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, COP29 çərçivəsində isə 190-a yaxın ölkədən geniş iştirakçı kütləsinin olacağı gözlənilir: "Əlbəttə ki, Azərbaycan müharibə dövründə də özünü dünyaya kifayət qədər tanıda bilib. Bu kimi mühüm tədbirlərə ev sahibliyi etmək də istər yerli, istər regional, istərsə də beynəlxalq səviyyədə ölkənin nüfuzunun artmasına müsbət təsir göstərəcək. Ona görə də Azərbaycan bu konfransa ciddi şəkildə hazırlaşır".

Ekspert bildirib ki, bu konfransın əsas məqsədi insanın təbiətə, ekologiyaya müdaxiləsini və zərərləri minimuma endirməkdir: "Hətta 2050-ci ilə qədər qarşıya qoyulan hədəf 0 qaz emissiyasına nail olmaqdır. Bu, bir o qədər də asan deyil. Çünki iqtisadiyyatın, eləcə də sənayenin inkişaf etdiyi, insanların sayının artdığı bir dövrdə təbiətə müdaxiləni azaltmaq qəliz məsələdir. Sözügedən konfrans da bu istiqamətdə qlobal bir çağırışdır. Hər il səsvermə nəticəsində müxtəlif ölkələr bu tədbirə ev sahibliyi edir və dünyanın diqqətini insanların təbiətə müdaxiləsini minimuma endirməyə yönəldir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi təbii ki, ölkəmizin iqtisadi, siyasi, turizm həyatına ciddi şəkildə öz müsbət töhfəsini verəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə