Turizm sahəsinin bərpası dövründə hansı boşluqlar var? - TURİZM EKSPERTİ AYDINLIQ GƏTİRDİ

"Turizm göstəriciləri pandemiya dövründə, demək olar, 30 il əvvəlki vəziyyətinə qayıtdı. Pandemiya dövrü və ondan sonrakı mərhələ turizmin tamamilə sıfırlandığı bir dövr oldu. Lakin sonrakı dövr isə bərpa dövrüdür. Artıq keçən il 60 %-ə qədər, bu il isə sabit şərtlərlə təxminən 90 %-ə qədər turizm bazarının bərpa olunacağı gözlənilir və bunlar Ümumdünya Turizm Təşkilatının hesabatlarında da qeyd olunur". Bu sözləri SİA-ya turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, hətta Azərbaycanın quru sərhədləri bağlı olmasına baxmayaraq, uçuş nöqtələrinin sayının artırılması, uçuş intensivliyi və coğrafiyanın artırılması ilə əlaqədar olaraq Azərbaycanda turizm bazarını keçən il 50 %-ə qədər bərpa edə bildi: "Bu il ilkin 9 aylıq açıqlamada da 30 % üzəri gələn əcnəbilərin sayında artım müşahidə olunmuşdur. Əlbəttə ki, bu kifayət deyil və dünyada qlobal turizm hərəkətliliyi artdıqca Azərbaycanın bazarına da öz təsirini göstərməlidir. Nəzərə alsaq ki, pandemiyadan sonrakı dövrdə xüsusən Uzaq Şərq ölkələrindəki məhdudiyyətlər aradan qaldırıldı və orada bir tərpəniş oldu. Avropa tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırdı və bu, ümumi aktivliyə təsir etdi”.

Ekspert qeyd edib ki, Azərbaycanda vizaların sadələşdirilməsi barədə müvafiq addımların atılması turizmin inkişafına müsbət təsir göstərəcək: “Azərbaycana gələn turistlərlə bağlı bəzi ölkələrlə sadələşdirilmiş viza rejimi və yaxud da vizaların aradan qaldırılması həyata keçirilsə də, əslində, bizim Bakıdan kənarda olan digər beynəlxalq hava limanlarımızın işinin daha səmərəli təmin olunması və yaxud da bəzi ölkələrlə viza prosedurlarının tamamən aradan qaldırılması və ya vizanın birbaşa aeroportda alınmasının tətbiq olunması ölkəyə gələn turistlərin sayına öz təsirini göstərəcək”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə