Yay turizmi necə yadda qaldı? - EKSPERT DETALLARI AÇIQLADI

“Artıq yay mövsümü geridə qalır. Əslində, Azərbaycanda dərslərin sentyabrın 15-də başlaması turizm mövsümünü müəyyən qədər uzadır. Bəzi insanlar o müddətə qədər mülayim hava şəraitində istirahətlərini davam etdirməyi xoşlayır və bundan faydalanmağa çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, bu ilki yay mövsümü yenə də aktiv yadda qalıb: “Bu il də regionlarımızda xeyli turist axını müşahidə olundu. Vətəndaşları öz istirahətlərini ölkəmizin müxtəlif bölgələrində etməyə üstünlük verdilər. Bununla yanaşı, ölkə xaricinə səyahət edən vətəndaşlarımızın sayı da az olmadı. Ümumiyyətlə, gözlənilən o idi ki, bu il Azərbaycanda turizm sahəsində canlanma keçən ilə nisbətən daha çox olacaqdı”.

“Əlbəttə ki, ara-sıra qiymətlərin baha olması, xidmətin zəifliyi və başqa nöqsanlar barəsində şikayətlər də eşitdik. Lakin bu şikayətlərin sayı əvvəlki illərlə müqayisədə daha azdır. Nöqsanlardan biri də turizm mövsümündə bölgələrə, turizm məkanlarına gedən yollarda təmir-tikinti işlərinin aparılması idi. Bu, vətəndaşları kifayət qədər narahat edirdi. Eyni zamanda, bu təmir işləri həmin yerlərdə obyektlərin səmərəli işləməsinə müəyyən qədər əngəl törədirdi. Amma ümumilikdə düşünürəm ki, göstəricilər pozitivdir. İlin sonunda ümumi statistik göstəriciləri nəzərdən keçirəndə əvvəlki illərə nisbətən artım olduğunu müşahidə edəcəyik. Çünki bu ilin avqustuna qədər olan göstəricilərdən məlum olur ki, Azərbaycana gələn turistlərin sayı ümumi olaraq 40% artıb. Bu da ölkə turizmi üçün müsbət nəticədir”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə