Quru sərhədlərin bağlı olması turizmə necə təsir edir? - EKSPERT DANIŞDI

"Quru sərhədlərin bağlı olması turizmin yenidən bərpası üçün hazırda mövcud olan məhdudiyyətlərdən biridir. Nəzərə alsaq ki, Azərbaycana gələn xarici vətəndaşların və ölkədən gedən yerli əhalinin təxminən 60%-ə qədəri quru sərhədlərlə səfər edir, bu mənada sərhədlərin bağlı olması turistlərin sayına təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında Qlobal Sağlamlıq Turizm Şurasının baş katibi Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, quru sərhədlər bağlı olduğu halda geriyə alternativ olaraq hava nəqliyyatı qalır ki, onun da qiymətləri daha yüksək olması turizmin inkişafını geri salır: "2019-cu ilin statistikasına baxanda görürük ki, 10 turistdən təxminən 7-si ölkəmizə quru sərhədlərlə daxil olub. Bu bizim üçün ciddi bir siqnaldır. Lakin bütün məhdudiyyətlərə baxmayaraq 2022-ci ildə Azərbaycan turizmi pandemiyadan əvvəlki dövrlə müqayisədə 50% bərpa oluna bilmişdi.

Ümid edirik ki, quru sərhədlər açıldıqdan sonra bərpa faizinin artdığını müşahidə edə biləcəyik. Quru sərhədlərin açılması yalnız Azərbaycana gələn turistlərin deyil, eyni zamanda ölkəmizdən gedən həmyerlilərimizin də xarici səfərlərinin sayını artıracaq. Ümumiyyətlə, müşahidə etdikdə açıq-aşkar görünür ki, qoyulmuş məhdudiyyətlərin ən az səviyyədə olduğu ölkələrə turist axını daha çoxdur. Əngəllərin aradan qalxması turizm destinasiyasını daha əl çatan edir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə