“Forumun keçiriləcəyi Bakı Olimpiya Stadionunun ətrafında 53 hektarlıq geniş zona yaradılıb“ -DEPUTAT DANIŞDI
“Azərbaycan daha bir qlobal tədbirə ev sahibliyi edəcək. Bir neçə gündən sonra Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 işə başlayır. Bu forum ölkəmizin beynəlxalq nüfuzunun, təşkilatçılıq imkanlarının və urbanizasiya sahəsində formalaşdırdığı yeni inkişaf modelinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Bakı Olimpiya Stadionunda forumla bağlı görülən hazırlıq işləri ilə tanış olması da dövlət səviyyəsində hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bir daha nümayiş etdirdi:
“BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökumətinin birgə təşkil etdiyi forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub. İndiyədək 180 ölkədən 32 mindən çox iştirakçının qeydiyyatdan keçməsi artıq WUF tarixində rekord göstərici hesab olunur. Bu fakt Azərbaycanın qlobal platformalarda artan rolunu və Bakının beynəlxalq tədbirlər mərkəzi kimi mövqeyini bir daha təsdiqləyir.
Forumun keçiriləcəyi Bakı Olimpiya Stadionu və ətrafında 53 hektarlıq geniş əməliyyat zonası yaradılıb. Forum çərçivəsində dövlət nümayəndələri, beynəlxalq təşkilatlar, şəhərsalma üzrə ekspertlər, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcək.
Tədbirin təşkilində inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib. BMT-nin altı rəsmi dili ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin olunacaq. Eyni zamanda beynəlxalq işarət dili xidmətinin təqdim olunması tədbirin sosial inklüzivlik baxımından da nümunəvi səviyyədə təşkil olunduğunu göstərir.
WUF13 Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma siyasətinin beynəlxalq auditoriyaya təqdimatı baxımından da xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji yanaşması və müasir şəhərsalma modeli forumun əsas diqqət mərkəzlərindən biri olacaq. Azərbaycan bu platforma vasitəsilə həm ev sahibi ölkə kimi, həm də müasir urbanizasiya və dayanıqlı inkişaf modeli təqdim edən dövlət kimi çıxış edir.
Diqqətçəkən məqamlardan biri də WUF tarixində ilk dəfə Liderlər Sammitinin proqramda yer almasıdır. Bu isə Bakıda keçiriləcək forumun beynəlxalq siyasi və strateji əhəmiyyətini daha da artırır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB