Azərbaycan klubu litvalı basketbolçunu transfer edib

Yeni mövsümdə Azərbaycanı Avropa Kubokunda təmsil edəcək “Abşeron Lions" heyətini yeni basketbolçu ilə gücləndirib.

SİA xəbər verir ki, klubdan verilən məlumata görə, Litva basketbolunun tanınmış simalarından biri - Gediminas Oreliklə müqavilə imzalanıb.

35 yaşı olan oyunçu karyerası ərzində bir çox klubların şərəfini qoruyub. 2 metr boya malik hücumçu müxtəlif zamanlarda Türkiyənin "Banvit" və "Beşiktaş" klublarının formasını geyinib. O, 2018-ci ildə İtaliyanın "Umara Reyer Venetsiya" klubu ilə Avropa Kubokunda qələbə sevinci yaşayıb. Gediminas son mövsümü Rumıniya təmsilçisi “U-BT Cluj-Napoca” klubunun heyətində keçirərək, Euro Cup turnirinin iştirakçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə