Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayaraq 28-ci pillədə möhkəmlənib. SİA xəbər verir ki, II təsnifat mərhələsinin cavab matçlarının ardından ölkənin əmsalı 18.750-ə çatıb.
Cari mövsümdə qazanılan əmsal isə 1.625-ə yüksəlib. Ukrayna (19.225) 27-ci, Rusiya (18.299) 29-cu sıradadır.
Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı cavab oyununda İrlandiyanın "Şelburn" kollektivini minimal hesabla üstələyib - 1:0. Səfərdə rəqibini üç cavabsız qolla yenən "köhlən atlar" növbəti raundda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.
"Sabah" UEFA Konfrans Liqasında Moldovanın "Petrokub" komandasına şans verməyib. Səfərdə 2:0 hesablı qalibiyyyət əldə edən "bayquşlar" ötən gün evdə 4:1 hesablı qələbəyə sevinib və III təsnifat mərhələsinə adlayıb.
"Araz-Naxçıvan" Yunanıstanda "Aris"lə bərabərə qalıb - 2:2. Bu, Bakıda qalib gələn (2:1) Naxçıvan təmsilçisinin növbəti raunda vəsiqə qazanmasına kifayət edib.
"Zirə" isə Xorvatiyadakı qarşılaşmanın əlavə vaxtında "Hayduk"a uduzub - 1:2. Bakıda rəqibi ilə bərabərə qalan (1:1) "qartallar" avrokuboklarda mübarizəni dayandırıb.
Qeyd edək ki, "Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya), "Araz-Naxçıvan" Kiprin "Omoniya" klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə