"Ferrari” Formula-1 komandasının rəhbəri Frederik Vassörlə müqavilənin uzadıldığını rəsmən elan edib. SİA xəbər verir ki, yeni müqavilə bir neçə ili əhatə edir, lakin onun dəqiq müddəti açıqlanmır.
“Bu gün görülmüş işlərə dəyər verir və qarşıda duran hədəflərə sadiqliyimizi təsdiqləyirik. Bu müqavilə Fredin liderlik keyfiyyətlərinə inamımızı əks etdirir. Bu inam ortaq ambisiyalar, qarşılıqlı gözləntilər və dəqiq məsuliyyətə əsaslanır. Biz “Ferrari”nin çatmalı olduğu səviyyəyə yüksəlmək məqsədilə birlikdə qətiyyət və iradə ilə irəliləyirik”, - deyə “Ferrari”nin icraçı direktoru Benedetto Vinya vurğulayıb.
“Mənə hələ də etimad bəslədiyinə görə “Ferrari”yə təşəkkür edirəm. Müqavilənin uzadılması sadəcə bir təsdiq deyil, bu, çağırışı qəbul etmək, irəliləməyə və nəticələr əldə etməyə yönəlmiş qəti bir iradədir. Son 30 ay ərzində biz möhkəm bir təməl yaratmışıq və indi bu istiqamətdə tam qətiyyətlə irəliləməliyik. Bizdən hansı gözləntilərin olduğunu bilirik, bu gözləntiləri doğrultmaq və birlikdə növbəti addımı atmaq üçün tam qətiyyətliyik”, - deyə, komanda rəhbəri Frederik Vassör söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə