“Komandalar arasında səviyyə fərqi açıq seçilirdi. 9 qoldan 6-nı səhvlərimizdən buraxdıq”.
SİA xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.
Mütəxəssis azfutzal.az-a açıqlamasında Avropa çempionatının əsas mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirilən oyun barədə fikirlərini bildirib: “Çox yüngül səhvlərə yol verdik, əvəzində 6-7 qol epizodundan 2-ni reallaşdıra bildik. Bu cür oyunlarda ələ düşən hər fürsəti dəyərləndirməlisən. İlk dəqiqələrdən “5-in 4-də” oynamaqla sürəti aşağı salmağa, bununla həm də gücümüzə qənaət etməyə çalışdıq. Çünki fevralın 4-də Bakıda Yunanıstanla oyunumuz var. Həmin matç qrup mərhələsini yuxarı pillələrdə başa vurmaq baxımından əhəmiyyətlidir”.
Baş məşqçi oyunçulardan narazı qalmayıb: “Futzalçılara elə də çox iradım yoxdur. Bacardıqları qədər mübarizə apardılar. Bu görüşü unutmalı, qeyd etdiyim kimi, Yunanıstanla matça diqqət yetirməliyik. Bakıda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Həmin oyun həm də qrupda ikinci yeri tutmaq baxımından son şansımız olacaq”.
Qeyd edək ki, millimiz səfər matçında 2:9 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə