"Bu yarışdan gözləntilərim yüksəkdir" - Atlet danışdı

"Hazırda hava limanındayam, yarışa yollanıram". Bunu SİA-ya açıqlamasında Azərbaycan millisinin atleti Nazim Babayev deyib.

O, Qazaxıstanda keçiriləcək Amin Tuyakov mükafatı uğrunda qış Astana görüşündə mübarizə aparması ilə bağlı danışıb.

Babayev bildirib ki, yarışa çox yaxşı şəkildə hazırlaşıb: "Həm qış təlim-məşq toplanışında, həm də fərdi məşqlərdə iştirak etmişəm. Məşqlərimiz yalnız Bakıda keçib. Müalicə müddətim bitdikdən sonra ilin ilk yarışında yəni İspaniyanın Barselona şəhərində keçirilən turnirdə mübarizə aparmışdım. Buradakı nəticədə 6 aylıq fasilə özünü göstərmişdi. Amma indi daha yaxşı formadayam. Bu yarışda gözləntilərim yüksəkdir. Ən azından keçən yarışdakı nəticəmi yaxşılaşdıracağımı düşünürəm. Həmçinin medalçılar sırasına düşməyi planlaşdırıram. Bu cür önəmli yarışlar mənə xüsusi motivasiya verir. Təbii ki, böyük məsuliyyətdir. Amma belə yarışlarda iştirak edən idmançıların səviyyəsi çox yüksəkdir. Elə rəqiblərə qarşı mübarizə aparmaq mənə xüsusi güc və motivasiya verir. Tam siyahı aydın olmasa da, müəyyən idmançılar var ki, onları analiz etmişəm. Ümid edirəm ki, hər şey yaxşı keçəcək".

Qeyd edək ki, yanvarın 25-də keçiriləcək turnir Dünya Atletikasının qızıl səviyyəli yarışıdır.

Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə