Anomal hava şəraiti ilə bağlı dövlət qurumları HAZIRLIĞI NECƏ APARIR? - SORĞU

Anomal hava şəraiti ilə bağlı dövlət qurumları HAZIRLIĞI NECƏ APARIR? - SORĞU

Bakıda və Abşeron yarımadasında yaxın 2 gün ərzində güclü şimal-qərb küləyinin güclü cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Yanvarın 13-də qarla müşayiət olunan güclü külək nəticəsində yanvarın 14-ü səhər çovğun olacağı ehtimalı var. SİA gözlənilən hava şəraiti ilə bağlı dövlət qurumlarının rəsmilərinin fikirlərini öyrənib:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova: "Yaxın iki gün ərzində güclü şimal küləyinin qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Bu gün axşam saatlarından etibarən şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Gecə və səhər saatlarında küləyin maksimal sürəti arabir 25-28 m/s-dək güclənəcək. Yanvar ayının 14-də küləyin gündüz saatlarında zəifləyəcəyi, axşam saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Yanvar ayının 14-ü axşam saatlarından, 15-nə kimi güclü cənub-qərb küləyi əsəcək. Yaxın 3 gün ərzində bildiyimiz kimi güclü şimal küləyinin cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Belə bir hava şəraiti bəzi insanlar üçün əlverişsiz hava şəraiti qiymətləndirilə bilər".

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən SİA-nın sorğusuna cavab olaraq bildirilib ki, anomal hava şəraiti ilə bağlı artıq paytaxtın kommunal və digər təsərrüfat idarələrinə xəbərdarlıqlar edilib. Onların xüsusi texnikası, qar təmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib. Həmin günlərdə paytaxtın bütün kommunal və texniki xidmətləri gücləndirilmiş iş rejimində çalışacaqlar.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov: "Ümumiyyətlə hava şəraitinin kəskin dəyişib-dəyişməməsindən asılı olmayaraq təhlükəsizlik tədbirlərinin görülməsi hər zaman zərurəti yaranıb və əməkdaşlarımız tərəfindən daim qabaqlayıcı və məqsədyönlü tədbirlər, eləcə də təbliğat xarakterli işlər həyata keçirilir. Əgər, Bakı şəhəri üzrə yağmurlu, şaxtalı hava şəraiti olacaqsa, hər zamanki kimi avtomobil sahiblərinə, sürücülərə müraciət edərək təbliğatın səmərəli təşkil edilməsi məqsədilə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini tövsiyə edirik.

Ümumiyyətlə belə hava şəraitində ictimai nəqliyyat vasitələrindən istifadə edilməsi və yağmurlu, şaxtalı, sürüşmə ehtimalı olan küçə və yollarda nəqliyyat vasitəsinin idarəetmə bacarığı olan şəxslərə həvvalə edilməsi məsləhət görülür. Sözsüz ki, belə hava şəraitində sürət həddi minimuma enməli, ara məsafəsi normadan artıq saxlanılmalıdır. Yol və metereoloji şəraiti nəzərə alaraq sürücü avtomobili əlyəc qutusundan istifadə etməmək şərti ilə sürətlə qutusunun hesabına hərəkət etdirməlidir. Yəni hava şəraitinin kəskin dəyişməsi, yağmurlu, şaxtalı olub-olmamasından asılı olmayaraq idarə edilən nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının görülməsini, onların işıq cihazlarının təmiz saxlanılmasını, şüşə ülgəclərinin daim saz vəziyyətdə olmasına, eləcə də nəqliyyat vasitəsinin təkərlərinin mövsümi təkər olmasına diqqət yetirilməlidir. Eyni zamanda belə hava şəraitində nəqliyyat vasitəsini idarə etməyə uyğunlaşan sürücülərin mənzil başına sağ-salamat yetişməsi üçün onların da hərəkətinə mane yaratmaq olmaz. Xüsusilə enişli-yoxuşlu yollarda, sərt döngələrdə piyadalar da, sürücülər də diqqətli olmalıdır.

Yağmurlu hava şəraiti olarsa, sürücü ətrafda hərəkət edən fəzalara da diqqət yetirməlidir. Piyadalar da yolların hərəkət hissəsinə çıxmamalı, hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısından qaçaraq sürücünü çaşdırmamalıdır. İstər sürücü, istərsə də piyada yol boyu yol nişanlarının və yaxud da digər tənzimləyici texniki vasitələrin tələblərinə uyğun hərəkət etməlidir ki, yol-nəqliyyat hadisəsi baş verməsin. Ümumiyyətlə hərəkət iştirakçısı öz təhlükəsizliyinin də qayğısına qalmalı, özünün və başqalarının da təhlükəsizliyinin təmin edilməsi üçün tələbləri bilməli və bu tələblərə uyğun hərəkət etməyə üstünlük verməlidir".

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev: "Ümumiyyətlə qeyri-sabit yağıntılı hava şəraitində ən vacib məsələlərdən biri sərnişinlərin vaxtında mənzil başına çatdırılmasını təmin etməkdir. Buna görə də əvvəlcədən hava proqnozuna uyğun Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq qaydada müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara müvafiq göstərişlər və tapşırıqlar verilir. Həmin günlərdə xəttə çıxan avtobusların sayı, eyni zamanda avtobuslararası intervala nəzarət daha da artırılır. Bundan əlavə ən vacib məsələlərdən biri də təhlükəsizliyin təmin olunmasıdır. Sürücülərin təlimatlandırılması və sürücülərin hava şəraitini nəzərə alaraq sürət həddinə əməl edilməsi və avtobusların texniki baxımdan saz vəziyyətdə olması ilə bağlı tapşırıqlar qoyulur. Eyni zamanda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən də bir sıra tədbirlər həyata keçirilir. Burada əsas yollara nəzarət artırılır. Xüsusən də əsas ictimai nəqliyyat dəhlizi olan yollara nəzarət artırılır ki, avtobusların hərəkətinə mane yaradan hansısa bir hal olan zaman onun dərhal aradan qaldırılması üçün uyğun tədbirlər görülsün".

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mətbuat katibi Mehman Mehdiyev: "“Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin (ASCO) donanmasına daxil olan gəmilər Xəzər akvatoriyasında üzməyəcək. Gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülür. Gəmilərin külək gözlənilən şəraitində gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülməlidir. Səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar. Külək gözlənilən tarixlərdə gəmi kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə