Cırıq tərz geyimlərə CƏMİYYƏTİN BAXIŞI NECƏDİR? - SORĞU

Geyim bəzən insanın əhval-ruhiyyəsini əks etdirir, bəzən də səbəbsiz yerə insana inteqrasiya edir. Bu ümumiyyətlə boş, rahat və cırıq paltarlar üçün nəzərdə tutulur. Xüsusilə, populyarlığı dəyişməmiş cırılmış cins şalvarlara aid olan bu vəziyyət psixologiyanın modaya təsirini ortaya qoyur. Lakin bu tərz geyimlər Azərbaycanda bəzi insanlar tərəfindən xoş qarşılanmır. Bəs, görəsən, insanlar bu barədə nə düşünür? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Zərnurə Bağırova: “Mən şəxsən cırıq tərzdə olan şalvarlara, ümumiyyətlə, geyimlərə pis baxıram. Yəni, normal geyimlər də var və insanlar çalışmalıdırlar ki, bacardıqları qədər normal geyinsinlər. Bu kimi geyimlər dəb deyil, sadəcə, göstərişdən ibarətdir”.

Şəhər sakini Sənan Səfərov: “Kim necə istəyirsə və özünü necə rahat hiss edirsə elə də geyinməlidir. Bəli, mənim də iki dənə qız övladım var, düzdü onlar cırıq tərz paltarlar geyinmirlər. Ancaq onlar mən xoşlamadığım üçün yox, özləri istəmədiyi üçün geyinmirlər”.

Şəhər sakini Ramilə Süleymanova: “Mən özüm belə tərz geyimlər sevmirəm, amma belə geyinən insanlara da pis baxmıram. Hər kəsin öz həyat tərzi var və kim necə istəsə elə də yaşaya bilər. Bunun kiməsə bir aidiyyatı yoxdur”.

Şəhər sakini Qəzənfər Əliyev: “İndi kommunikasiya əsri olduğuna görə hər kəs bir geyimi gördükdə onu özündə də görmək istəyir. Bu da normal bir haldır, geyim tərzləri insanlar kimi fərqlidir. Ona görə də bu mövzular münaqişəli mövzular deyil”.

Şəhər sakini Aynişan Musayeva: “Mən də bir gənc olduğuma görə gənclərin bu tərz geyimlər geyinməsinə normal baxıram. Bunun fərqi yoxdur qız ya da oğlan. Ayrı-seçkilik etməyə gərək yoxdur. Həddən artıq açıq-saçıqlıq olduqda təbii ki, itici olur. Ancaq normal şəkildə cırıq da olsa, bu, mənə narahatedici gəlmir”.

Şəhər sakini Nigar Quliyeva: “Çox cırıq olduqda, bu, bir az pis qarşılanır. Elə insanlar var ki, şalvarı, demək olar ki, yarısına qədər cırıq olur. Məncə, onu geyinməsələr, daha yaxşı olar. Çünki bütün ayaq göründükdən sonra onu geyinməyin bir mənası yoxdur. Şalvar beldən aşağı hissəni örtmək üçün seçilən bir geyimdir. Ona görə də mən həddən artıq cırıq olan geyimlərə yaxşı baxmıram”.

Şəhər sakini Zümrüd Ziyadova: “Əslində, indiki gənclər ilə əvvəlin gəncləri arasında, təbii ki, fərq çoxdur. Burada zəmanə əsas rol oynayıb. Mən normal baxıram, çünki gəncdirlər və hələ ki, geyim tərzlərini müəyyən edə bilmirlər. Keçmişdə də elə bir dəb olub ki, gənc qızlar həddən artıq qısa ətəklər geyinib və dəbə görə buna normal baxılıb. İndiki dövrdə də belə geyimlər dəb olduğuna görə gənclərin qərarına hörmətlə yanaşmalıyıq”.

Şəhər sakini Murad Cəfərov: “Əsasən, xanımların belə geyimlər geyindiyi görülür. Lakin mən də bir kişi olaraq bunu bir kişiyə yaraşdırmıram. Sözsüz ki, hərənin öz geyim tərzi var, amma mənim baxışıma görə belə geyimi bir kişinin geyinməsi yaxşı deyil”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə